"Müəllimlərimizi Tanıyaq" - Səbinə Əsədova
22-01-2022, 11:45
836

"Müəllimlərimizi Tanıyaq" - Səbinə Əsədova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Səbinə Əsədova haqqında danışacağıq. 

Səbinə Əsədova (Babayeva) 1985-ci il Avqustun 30-u Laçın rayonunun Güləbird kəndində (valideynləri təyinatla orda fəaliyyətdə olarkən) ziyalı ailəsində anadan olmuşdur. Əslən Qubadlı rayonunun Xanlıq kəndindəndirlər. 1992-ciİ il Xanlıq kənd məktəbinin 1-ci sinfinə getmişdir.
1993-cü ildə Dağlıq Qarabağ münaqişəsindən dolayı digər həmvətənləri kimi onun ailəsi də yurd- yuvasından didərgin salınmış və müvəqqəti olaraq Bakıda məskunlaşmışlar. İkinci sinifdən təhsilini Sabunçu rayonu C.Məmmədyarov adına 155 saylı orta məktəbdə davam etdirmişdir.
Ailədə 3 uşaqdırlar. Atası Babayev Baxışın həmin dövrdə cəbhə xəttində hərbi həkim kimi xidmət göstərməsi ilə yanaşı müharibənin caynağından qurtulan digər uşaqlar kimi balaca Səbinənin də həyatı maddi və mənəvi çətinliklərlə keçmışdir.
Müəllim olmağa elə həmin dövrdə - səkkiz yaşı olanda qərar vermişdir. Deyir ki ondan bir yaş böyük olan qardaşı 3-cü sinifdən 5 -ə keçmişdi və müharibə ilə əlaqədar tədris ilinə gec başlayıbmışlar. Buna görə qardaşının ingilis dili adlı fəndən xəbəri olmayıb və dərsə getdiyi həftədə ilk "2"- sini alıb.



3 günlük məzuniyyətə gələndə bunu öyrənən atası ona bir neçə ingilis dilində kitab alıb ki, o itirdiyi zaman kəsiyini bərpa etsin (əlbəttə bu müəllimsiz mümkün deyildi) Balaca Səbinə həmin kitabları hər gün saatlarla hərf-hərf oxumağa başlayıb (yazıldığı kimi) Bu əzmin qardaşının haqsızlığa uğramasından, bəlkə eyni hala düçar olmamaq istəyindən bəlkə də atasının bu qədər qarışıqlığın, narahatlığın içində onların təhsilinə bu qədər düşkün olmasından yarandığını deyir.

Ingilis dilini hələ 5-ci sinifdə öyrənməyə başlayacaqdı, amma o bu yolla 8 yaşında xeyli söz öyrənmişdi. 5-ci sinifdə pedaqoji fəaliyyətinə yeni başlayan ingilis dili müəllimi Həsənova Nüşabə onun bu yolda davam etməsi üçün bir mayak olub və beləcə təhsilimizə bir Səbinə müəllim qazandırıb.

Məktəb illərində nümunəvi şagird olmuş ingilis dili üzrə olimpiadalarda və fərqli bilik yarışlarında yer qazanmışdır. 2003 -cü ildə orta məktəbi bitirmiş və Azərbaycan dillər Universitetinin ingilis dili fakültəsinə əyani qəbul olmuşdur. Ali məktəbdə oxuduğu vaxtlarda da dərslərində göstərdiyi yüksək nəticələrə görə həm müəllimləri , həm də universitet rəhbərliyi tərəfindən fərqləndirilmişdir.



Həmin dövrdə universitetin ədəbi məclisinin üzvü olmuş, ingiliscədən azərbaycancaya bir neçə şeir və hekayə tərcümə etmişdir. Tərcümələri universitetin "Poliqlot" qəzetində dərc olunmuşdur. Ailə vəziyyəti ilə əlaqədar magistr təhsili ala bilməmiş və xaricdə təhsil imkanını qaçırmışdır.
2007-ci ildə ali məktəbi bitirmişdir. Övladlarına ana qayğısı daha önəmli olduğu vaxtı onlara sərf edərək pedaqoji fəaliyyəti bir müddət ləngitmişdir. Qeyd edir ki, o faktiki olaraq fəaliyyət göstərməsə də , ana kimi öz övladlarını cəmiyyətə yararlı fərdlər şəklində yetişdirməklə məşğul olub. Bu dönəmdə o texnologiyanın yaratdığı imkanlardan faydalanaraq peşəsi ilə bağlı araşdırmalar etmiş yeniliklərdən xəbərdar olmuşdur.



Rəsmi olaraq pedaqoji fəaliyyətə başlamazdan öncə repititor kimi fəaliyyətə başlamışdır. 2017-ci ildə Müəllimlərin işə qəbulu imtahanı vasitəsilə Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbə ingilis dili müəllimi olaraq qəbul olmuşdur. Hal- hazırda bu məktəbdə fəaliyyət göstərir.



Bununla yanaşı repititor fəaliyyətini də davam etdirir. Məktəbin şəraiti və texniki imkanları xarici dilin tədrisi üçün kifayət qədər yetərsiz olmasına baxmayaraq, Səbinə müəllim şagirdlərinin yeniliklərdən bixəbər qalmaması və xarici dilin tədrisində əlindən gələni etməyə çalışır. Onun üçün müəllimlik öyrətməklə yanaşı, körpə qəlblərə yol tapa bilmək, onların gözündəki sevgini, sevinci duya bilməkdir.
0 0

Şərhlər

Oxşar xəbərlər