Faydalı qazıntılarla zəngin Laçın rayonu.
26-11-2021, 16:50
706

Faydalı qazıntılarla zəngin Laçın rayonu.


TehsilForumu.Az - 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. 

Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.

Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Məlumat üçün bildirək ki, sadəcə Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa 
Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi.


Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur.


Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Cari ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı cənab İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. 


Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Prezident cənab İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Prezident cənab İlham Əliyev vurğulayıb: 

“Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə -Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. 

Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
0 0

Şərhlər

Oxşar xəbərlər