“İstər şirin, istərsə acı olsun, xatirə insana əzab verir...”
19-12-2023, 15:30
372

“İstər şirin, istərsə acı olsun, xatirə insana əzab verir...”

TehsilForumu.Az - Mənim karyera yüksəlişimdə və enişimdə L.Brejnev fenomeni. Təqvimi vərəqləyərkən yadıma düşdü ki, sən demə bu gün nə az, nə çox, düz 18 il ucsuz-bucaqsız bir səltənətə -15 çoxmillətli Respublikalardan ibarət olan Sovetlər birliyinə rəhbərlik etmiş, ölümündən sonra rəhbərlik etdiyi dövr kimlər tərəfindənsə tərəqqi, kimlər tərəfindənsə durğunluq dövrü adlandırılan Sovet İttifaqı marşalı, 4 dəfə Sovet İttfaqı, bir dəfə Sosialist Əməyi olmaqla 5 Qızıl ulduzlu qəhrəman Leonid Brejnevin doğum günü imiş. Brejnev fenomeni istər-istəməz mənə onun rəhbərliyi dövründə karyera yüksəlişimlə karyera enişimdəki bəzi anları xatırlatdı. O zamanlar institut adlanan pedaqoji universiteti yenicə bitirib şimal rayonlarımızın mərkəzdən xeyli kənar kəndlərindən birinə ixtisasım üzrə təyinat almışdım. Elə həmin il müxtəlif ixtisaslıardan olan daha bir neçə gənc müəllim də kollektivə qoşuldu. Ilk illik hesabat-seçki yığıncağındaca məni məktəbin müəllim komsomol təşkilatının katibi seçdilər.Yəqin, digərlərinə nisbətdə fəallığımı və təşkilatçılığımı nəzərə almışdılar. Digər bir üstünlüyüm də var idi ki, hələ institut illərindən partiya sıralarına daxil olmuşdum. O vaxtlar az-az tələbəyə belə yüksək etimad göstərirdilər. O illərin bir növ dəb halını almış ənnənələrindən biri də hamılıqla və yekdilliklə təsərrüfatlara köməklik göstərilməsi idi. Belə bir ənənə pedaqoji kollektivlərdən də yan keçə bilməzdi. Ayrı-ayrı məktəblərdə yeniyetmələrdən ibarət “şagird-istehsalat briqadaları” yaradılırdı. Eyni zamanda “Hektarçılıq hərəkatı” geniş vüsət almışdı. Digər təşəbbüskarlarla yanaşı bir çox müəllimlər də yaxın ərazilərdə bir və ya bir neçə hektar torpaq sahəsi götürərək dərsdən sonra ailə üzvləri ilə birlikdə təsərrüfatla məşğul olurdular. Bütün ölkə üzrə vəziyyət eyni idi. Ucsuz-bucaqsız ərazinin qeyri-qaratorpaq zonalarında, Xam torpaqlarda, Baykal-Amur maqistralında işçi qüvvəsinə böyük ehtiyac var idi. vBelə bir şəraitdə Kostroma vilayətinin məktəbliləri Parta arxasından birbaşa istehsalata gedək, istehsalatdan ayrılmadan təhsilimizi davam etdirək barədə təşəbbüs qaldırdılar. Bu, əslində partiya çağırışı idi və yəqin ki, yuxarıdan verilmişdi. Ona görə də Brejnyev XXIV qurultaydakı çıxışında kostromalıların təşəbbüsünü yüksək qiymətləndirdi və bu təşəbbüsə digər Respublikaların da məktəblilərinin qoşulacaöına əminlik bildirdi. İttifaq üzrə Respublikalardan ilk olaraq bizim məktəb bu təşəbbüsə qoşuldu. Təşəbbüs Respublika və İttifaq mətbuatında geniş işıqlandırıldı,ölkənin bir nömrəli telekanalının “Vremya” proqramında yayımlandı. Artıq, böyük hörmət və nüfuz sahibi idim. Raykomun plenum üzvü seçilmişdim. “İlin ən yaxşı gənc müəllimi” Ümumittifaq döş nişanı və Ümumittifaq Bilik Cəmiyyətinin “Ən yxşı gənc təbliğatçı” stolüstü medalı ilə təltif olunmuşdum, Moskva Kremlində ilk qadın kosmonavt Valentina Tereşkova da olmaqla SSRİ-nin ən nüfuzlu şəxsləri ilə şəkil çəkdirmək şərəfinə layiq görülmüşdüm. SSRİ-nin metodist müəllimi idim. Bütün bunlar Leonid Brejnevin qurultaydakı çağırışına ilk səs verənlərdən biri olduğum hesabına idi. Sonrakı fəaliyyətimdə də Brejnev fenomeni öz sözünü dedi... Aspiranturaya qəbul olunmağımla əlaqədar, nisbətən rusdilli olduğumu nəzərə alıb, məqsədli aspiranturada təhsilimi davam etdirməyim və Ümumittifaq səviyyəli mövzu üzərində işləməyim məsləhət bilindi. Moskvada uzun müzakirələrdən sonra, o zaman üçün daha aktual sayıla biləcək "İnkişaf etmiş sosializmin təkmilləşdirilməsi və tədricən kommunizmə keçilməsi” mənə görə elmi iş olaraq dissertasiya mövzusu kimi təsdiq olundu. Nə az nə çox düz iki il sosializmin "tam qələbəsi”ndən tutmuş, "qəti qələbəsi”nə qədər araşdırmalara yuxuzuz gecələr sərf edim. Növbəti müzakirələrin biridə qərara alındı ki, mövzunun aktuallığı müasirləşdirilmə baxımından daha da gücləndirilməlidir. Çünki, artıq xalq arasında kommunizmə keçidlə bağlı "qara lətifələr” dolaşmaqda idi. Digər tərəfdən isə bu ərəfədə Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyyətinin Sədri L. İ. Brejnevin memuarlarından ibarət "Kiçik torpaq”, "Dirçəliş” və "Xam Torpaq” trilogiyası işiq üzü görmüş və ucsuz-bucaqsız ölkənin təbliğat maşını şəxsiyyətə pərəstiş yönümünə səfərbər edilmişdi. Hamı ondan yazır, ondan danışırdı, kütləvi lektoriyalar təşkil olunur, mühazirələr oxunur, təntənəli yığıncaqlar, izdihamlı görüşlər keçirilirdi. Bütün bunlar nəzərə alınaraq, Elmi Şuranın yekdil qərarına əsasən dissertasiya mövzum dəyişdirilərək, Brejnev fenomeninə və onun siyasətinə uyğunlaşdırıldı və yeni redaktədə "Sov. İKP-nin iqtisadi siyasəti – gənc nəslin əmək tərbiyəsində başlıca vasitə kimi” formalaşdırıldı. İndi gəl, qurultay materiallarını, plenum qətnamələrini, beşillik planları, əmək qabaqçıllarının nailiyyətlərini, onların gənclərə hamilik nümunələrini araşdır görüm, nə yeni bir söz deyəcəksən… "Düz-qoş” etməkdən yuxum belə ərsəyə çəkilmişdi. Bununla belə Brejnevin xatirinə hamı "yaradıcılığıma” müsbət rəy vermək zorunda idi. Tez bir müddətdə "Avtoreferat”ım dərc olundu, müdafiə günüm müəyyən edildi. Səhərisi gün Brejnevin ölümü barədə yayılan acı xəbər bəlkə də, hamıdan çox məni sarsıtdı. Bir çox digər tədbirlər kimi müdafiə işləri də qeyri – müəyyən müddətə təxirə salınırdı. Zəhmətimin müqabilində heç olmasa dəfn mərasimində iştirak etməkdən, daha sonra isə evə qayıdıb bir sıra yarımçıq qalmış və müəyyən təxirə salınmış məişət işlərimlə məşğul olmaqdan başqa çarəm qalmırdı. Elə də etdim… Bir müddət ara sakitləşdikdən sonra böyük ümidlə yenidən geri qayıtdım. Tale bu zaman da üzümə gülmədi. Bir çoxları kimi mən də uzun illər xalqın sevimlisi kimi qələmə verilən böyük rəhbərin güdazına gedənlərdən birinə çevrildim. Dissertasiya işi yenidən işlənməli idi, Brejnevlə bağlı bütün materiallar elmi işin içərisindən çıxarılmalı, təzəliklə seçilən Baş katibin sitatları ilə əvəz olunmalı idi. Bu isə, ən azı bir il müddətinə yeni rəhbər Y.V. Andropovun İqtisadi siyasətlə bağlı kursunu izlənmək və bununla bağlı nə deyəcəyini gözləmək demək idi. Gözləmə müddətində çəkdiyim əlavə zəhmət bu dəfə də hədər getdi. İlin tamamında Andropov dünyasını dəyişdi. Onun yerinə təyin olunan son dərəcə yaşlı və xəstə K.U. Çernenkonun aqibətindən şübhələnərək dissertasiya üzərində yenidən işləməkdən vaz keçdim. Bu dəfə proqnozum özünü doğrultdu. Çernenko da sələfi Andropov kimi "bir illiyin” qurbanı oldu. Onun varisi M,S Qorbaçovun isə "Ya şələ lələni, ya lələ şələni” siyasətinə bel bağlamağa nə səbr nə də hövsələmin çatmayacağına tam əminlik hiss etdikdən sonra, artıq bu mövzuya bir daha qayıtmaq, ümumiyyətlə isə elmi işlə məşğul olmaq fikrindən birdəfəlik yayındım. İndi, ağır və gərgin zəhmət hesabına başa gələn, artıq əhəmiyyətsiz bir arxiv eksponatına çevrilən avtoreferatımı vərəqləyərkən öz-özümə fikirləşirəm ki, bəlkə səbr və hövsələmi cilovlayıb, başladığım işi sona çatdırardım, zəmanənin nəbzini tutub, digər yollar və imkanlar arayıb, professor və akademiklərdən birinə çevrilərdim. Ancaq qismət deyilən bir anlayış da var. Bəlkə də, elə – belə məsləhət imiş… Bəlkə də, üç ildə üç Sovet rəhbəri dünyasını dəyişməsəydii, indi mən də ölkənin sayılıb-seçilən alimlərindən biri idim...Gəldiyim nəticə isə ondan ibarətdir ki, bir müdrikin dediyi kimi, ”Keçmişdən öyrənin, bu gün üçün yaşayın, gələcək üçün isə ümid edin.”

Birinci sinifdə oxuyarkən Stalindən sonra 15 respublikadan ibarət Sovetlər Birliyinə rəhbərlik edən Sovet İttifaqı Qəhrəmanı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, ayaqqabıları ilə dünyanı hədələyərək, bütün aləmə meydan oxuyan Nikita Sergeyeviç Xruşşova gül-çiçək çələngini təqdim etməyim də işimə yaramış, məktəbdə nüfuzumu xeyli artırmışdı. Hamı mənim şansıma sanki qibtə edirdi. Elə həmin günün səhəri sinif yığıncağı keçirib, məni “sinifkom” seçmişdilər və məktəbi bitirənə qədər də elə bu “postda” qaldım. Nə yaxşı ki, SSRİ-nin ilk və son prezidenti M. S. Qorbaçova baş qoşmadım...

0 0

Şərhlər

Oxşar xəbərlər