Nadir İsrafilov: ”Müqavimətlərə rəğmən müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində qıcıq yaratdı.
31-08-2022, 05:59
548

Nadir İsrafilov: ”Müqavimətlərə rəğmən müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində qıcıq yaratdı.

Yeni dərs ili ərəfəsində Nazirin brifinq keçirməsi, təhsil ictimaiyyətini və bütövlükdə cəmiyyəti narahat edən bir sıra məsələlərə aydınlıq gətirməsi təhsil siyasətimizin humanistlik, demokratiklik, aşkarlıq, şəffaflıq prinsiplərinin reallaşdırılması baxımından təqdirəlayiqdir.

TehsilForumu.Az xəbər verir ki, bu sözləri tanınmış təhsil mütəxəssisi Nadir israfilov AzEdu az.-ın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə brifinqdə toxunulan bir çox məsələlər - direktor və müavinlərinin maaşlarına əlavələrdən tutmuş sertifikasiya, təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər, təhsil müəssisələrinə qeydiyyat zamanı yaranan problemlər, rus dilində təhsilin keyfiyyəti də daxil olmaqla məktəbli formasına qədər təhsilimizin bir çox aspektləri daim öz aktuallığını saxlayan məsələlərdəndir. Toxunulan məsələlər içərisində elələri də var ki, uzun illərdən bəri diqqətdən kənarda qaldığından və bir sıra buraxılan səhvlər, yerlərdə yol verilən nöqsanlar ucbatından bu günə qədər həllini tapmamış olub.



Nadir müəllim, sizcə brifingdə toxunulmamış daha hansı məsələlər diqqət tələb edir?



Bir brifinq çərçivəsində təhsilin bütün problemlərinə toxunmaq praktiki cəhətdən heç mümkün də deyil. Bununla belə, yaxşı olardı ki, növbəti brifinqlərdə qəbul imtahanlarında abituriyentlərin göstərdikləri zəif nəticələrin, son zamanlar məktəblərdə baş verən xoşagəlməz neqativ halların səbəblərinə, məktəb-valideyn münasibətlərində yaranan soyuqluğa, el arasında “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılan qeyri-rəsmi fəaliyyət sahəsi sayılan, əslində məktəb mühitinə dağıdıcı təsir göstərən repetitorluğun gündən-günə çiçəklənməsinə, tədris proğramlarının və dərsliklərin ifrat dərəcədə yüklü olmasına, proqram materialları ilə test kitabçalarında olan müəyyən uyğunsuzluqlara və cəmiyyət üzvlərini narahat edən bu kimi digər problemlərə aydınlıq gətirilsin və onların həlli yolları barədə konkret təkliflər hazırlanıb mərhələlər üzrə həyata keçirilsin. Baxmayaraq ki, sadalanan və sadalanmayan bir çox məsələlər dəfələrlə gündəmə gətirilib. Qəbul etdiyimiz və tətbiq etdiyimiz bir çox qayda və qanunların işlək mexanizmi olmadığından hələ də kağız üzərində qalmaqdadır və bu səbəbdən də qəbul etdiyimiz qanun və qaydalarda mütamadi olaraq dəyişikliklər edilməsini qaçılmaz edir.



Sertifikasiyadan söz düşmüşkən, Nazirin də qeyd etdiyi kimi bu məsələ son zamanlar müəllimləri narahat edir...

Od olmasa tüstü çıxmaz, deyib atalar. Müəllimlərin narahatlığına əsas vermişik. Bəzən “sertifikasiya”, bəzən də “serifikatlaşma”, “sertifikatladırma”, “sertifikatlaşdırılma” kimi təqdim etdiyimiz bu proseduru o qədər dilə-dişə saldıq, ətrafında olmazın səs küy yaratdıq, müxtəlif versiyalar irəli sürdük ki, sıradan olan bir məsələ ifrat dərəcədə şişdi. “Lakin biz müqavimətlərə rəğmən müəllimləri sertifikasiyadan keçirəcəyik” kimi rəsmi açıqlamalar müəllimlərin müəyyən hissəsində qıcıq yaratdı. 

Halbuki, bu kimi açıqlamalarsız da ötüşmək olardı. Bir də ki, açığını desəm mən əvvəldən müəllimin peşə yararlığı və peşəkarlıq səviyyəsinin ölçülməsi və qiymətləndirilməsinin əleyhinə deyil sertifikasia termininin əleyhinə olmuşam və bunu dəfələrlə yazı və müsahibələrimdə əsaslandırmışam. Sertifikasiya qədər uzun bir yol yolçuluğu keçilib: “Attestasiya”,”könüllü attestasiya”, “sınaq imtahanı”,”lisenziya”, “diaqnostika”, Halbu ki, son qərara görə diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyasına hazırlıq mərhələsi olmalı idi. Çünki, müəllimlərin axırıncı attestasiyası 1994-cü ildə olmuşdu və müəllimlərin kateqoriyaları müəyyənləşmişdi. 1999-cu ildə Dövlət islahat komissiyası "Təhsil sahəsində islahat Proqramı”nı qəbul etdi və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanmışdı. Bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Lakin 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma”nın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən sonra attestasiya sertifikasiya ilə əvəz olundu. Olsun, bu şərtlə ki, vəd edildiyi kimi sertifikasiya müəllimlərin hazırlıq səviyyəsinin təminatına, müəllimlərin işinin obyektiv rəğbətləndirilməsinə və müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsinə xidmət etsin. Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var. Gedişat hər şeyə aydınlıq gətirəcək.

(Davamı var)


0 0

Şərhlər

Oxşar xəbərlər