Sosial rifah, keyfiyyətli təhsil
27-08-2022, 16:25
863

Sosial rifah, keyfiyyətli təhsil

Elm və təhsil naziri: “Məktəbdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi olmalıdır”

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr təsdiq edilib. Yeni qərarın əhatə dairəsi kifayət qədər genişdir. Elm və təhsil naziri Emin Əmrullayev avqustun 23-də keçirdiyi brifinqdə prosesin gözlənilən nəticələrindən danışıb.

Qərara münasibət bildirən elm və təhsil naziri xüsusi vurğulayıb ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr maaş artımı demək deyil: “Bu, hüquqi və inzibati əməkhaqqı siyasəti baxımından önəmli məsələdir. Bildiyiniz kimi, dövlət başçısı tərəfindən mütəmadi olaraq əməkhaqqı artımı ilə bağlı qərarlar verilir. Son illər ərzində bu istiqamətdə xeyli işlər görülüb. Yeni qərar isə vəzifələrə görə təyin edilən əlavələrlə bağlıdır”.

Şagirdlərin sayı nə qədər çox olarsa...

Sözügedən əlavələrin məbləği məktəblərdə hər il yanvarın 1-nə olan şagird sayına əsasən müəyyən ediləcək. Belə ki, məktəbəhazırlıq qrupları istisna olmaqla, təhsilalanların sayı 500-dən 700-dək olan dövlət ümumi təhsil müəssisələrində direktorun vəzifə maaşına 600 manat, direktor müavininin vəzifə maaşına isə 200 manat əlavə olunacaq. Nazir 2022-ci ilin rəqəmlərinə əsasən, bu məbləği 275 direktor, 517 direktor müavininin alacağını söyləyib.

Təhsilalanların sayı 700-dən 900-dək olan təhsil müəssisələrində direktorlar 750 manat, direktor müavinləri isə 250 manat əlavə pul alacaqlar. E.Əmrullayev bu əlavələrin 145 direktora, 318 direktor müavininə şamil olunacağını bildirib.

Təhsilalanların sayı 2022-ci il yanvarın 1-nə 900-dən 1300-dək olan təhsil müəssisələrində işləyən 179 direktorun maaşına əlavə  900 manat, 484 direktor müavininin maaşına əlavə 300 manat veriləcək. Şagirdlərinin sayı 1300-dən 1700-dək olan müəssisələrdə isə maaşlara əlavə olunan məbləğ direktorlarda 1050 manat, direktor müavinlərində 350 manat təşkil edəcək. Bu il 1050 manat alacaq 117 direktor, 350 manat əlavə pul alacaq 389 direktor müavini var. Şagird sayı 1700-dən 2100-dək olan təhsil müəssisələrində direktorun vəzifə maaşına əlavə 1200 manat, direktor müavininin vəzifə maaşına əlavə 400 manat veriləcək. 

2100-dən 2500-dək şagirdi olan təhsil müəssisələrində direktora vəzifəsinə görə əlavə 1350 manat, direktor müavininə 450 manat ödəniləcək. 2500-dən çox təhsilalanların olduğu təhsil müəssisələrində isə direktorun vəzifə maaşına əlavə 1500 manat, direktor müavininin vəzifə maaşına əlavə 500 manat veriləcək.

Direktorlar iş yükünə görə...

Yeni qərar ümumilikdə 865 direktor və 2343 direktor müavininə şamil ediləcək: “İndiyə qədər şagird sayı 20-25 nəfər olan təhsil müəssisəsində də, 4000 təhsilalanın oxuduğu məktəbdə də vergilər ödəndikdən sonra direktora çatan maaş 650 manat idi. Hazırda da çoxsaylı kontingenti olan məktəblə daha az şagirdin təhsil aldığı məktəblərdə vəzifə maaşları eynidir. Halbuki kontingenti böyük olan təhsil müəssisələrində direktor və direktor müavinlərinin nəzarət etmə, dərs dinləmə, pedaqoji fəaliyyəti izləmə və qiymətləndirmə kimi iş yükü daha çoxdur. Bu mənada dəyişikliyi ədalətli hesab edirik”.

Elm və təhsil nazirinin fikrincə, bu, məktəblərdə kəmiyyətə təsir göstərəcək: “Müşahidələrimiz göstərirdi ki, bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri məktəbdən uzaqlaşdırırdılar. Yanaşmamız budur ki, məktəbdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi olmalıdır. Yeni qərarla məktəb direktorları şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar”.

Müəllimlər peşəkarlıq səviyyəsinə görə fərqləndiriləcəklər

Qərarın ikinci hissəsi isə təhsilverənlərin peşəkarlıq səviyyəsinə görə alacağı əlavənin dəyərini müəyyənləşdirir. Elm və təhsil nazirinin fikrincə, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim saxlamasına xidmət edəcək bu qərar mahiyyətinə görə çox böyük islahatdır. Müəllimlərin həyəcanının başadüşülən olduğunu bildirən E.Əmrullayev islahatın ikinci hissəsinin məhz onları həvəsləndirməyə xidmət etdiyini vurğulayıb.

Dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinin  vəzifə maaşlarına aylıq əlavələr onların sertifikasiya imtahanlarında göstərdikləri nəticədən asılı olacaq. Belə ki, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə tədris etdiyi dərs saatına görə 35 faiz, keçid balını toplayan digər təhsilverənlərə 10 faiz müəyyən edilib.
Məktəblərdə müəllimlərin dərs yükünə də diqqət çəkən nazir E.Əmrullayev bildirib ki,129 min nəfərlik pedaqoji heyətin 4 faizi 6 saata qədər, 14 faizi 6-12 saat, 24 faizi 12-18 saat, 31 faizi 18-24 saat, 27 faizi isə 24 saatdan çox dərs yükü ilə təmin edilib. Dərs saatlarından asılı olaraq müəllimlər 150-1100 manat maaş alır. Tətbiq edilən əlavələrdən sonra bu rəqəmlər dəyişəcək. Sertifikasiya imtahanında yüksək nəticə - 50 baldan yuxarı toplayan 6 saat dərs yükü olan müəllim 150 AZN yox, 203 manat alacaq: “Burdakı yanaşmamız ondan ibarətdir ki, savadlı müəllimlər daha çox maaş alsınlar”.

Elm və təhsil naziri dərs aparan 11 mindən artıq direktor və direktor müavinlərini də nəzərə alaraq təhsil müəssisələrində 140 min müəllimin olduğunu və müvafiq əlavələrdən sonra onların aylıq gəlirinin xeyli artacağını deyib.

MİQ müsabiqəsində uğur qazanaraq son illərdə işə qəbul olunan müəllimlərin sertifikasiya imtahanlarına cəlb edilib-edilməyəcəyi isə hələlik qətiləşməyib. İlkin plandan danışan nazir bildirib ki, MİQ-dən keçərək işə qəbul olunanlar sertifikasiyaya cəlb edilməyəcək. Bunu eyni qurumun 2 dəfə imtahan etməsi olaraq məntiqli hesab etməsə də, artımların tətbiqində problem yaranacağını da istisna etməyib: “MİQ-lə sertifikasiya imtahanları fərqləndiyi üçün kimə 10 faiz, kimə 35 faiz ödəmə tətbiq edilməsi problem yaradır. Son illər MİQ imtahanlarında uğur qazanaraq işə götürülən müəllimlərə əlavələrin ödənilməsi nəzərdə tutulur, ancaq hələlik hansı mexanizmlə ediləcəyinə qərar verilməyib. Bu mexanizmi işləyib hazırlamaq üçün isə sertifikasiyanın I mərhələsi keçirilməlidir ki, şkalaları başa düşək. Ona görə də ya MİQ-də son illər imtahan verərək işə götürülən müəllimləri də sertifikasiyaya cəlb edəcək, ya da sertifikasiya və MİQ ballarını biri-birinə uyğunlaşdırmağın mexanizmini hazırlayacağıq”.

Nazir qarşıdakı 4 il ərzində prosesin tamamilə yekunlaşacağını söyləyb. Onun sözlərinə görə, ildə 35 min nəfəri əhatə etməklə 4 il ərzində müəllimlərin sertifikasiyadan keçirilməsi və nəticələrindən asılı olaraq əlavələrin verilməsi planlaşdırılır.

Ruhiyyə DAŞSALAHLI



0 0

Şərhlər

Oxşar xəbərlər