Şagird dərs zamanı görür ki, müəllim telefonla oynayır...ELŞƏN QAFAROV
31-01-2022, 14:20
686

Şagird dərs zamanı görür ki, müəllim telefonla oynayır...ELŞƏN QAFAROV

Son günlər ölkədə təhsil sahəsində problemlər daha qabarıq şəkildə özünü büruzə verir. Əgər son illər əsasən təhsilinin keyfiyyəti ilə bağlı problemlərə toxunulurdusa, artıq bu gün məktəblərdə baş verən xoşagəlməz hadisələr demək olar ki, hər gün sosial şəbəkələr vasitəsilə ictimaiyyətin müzakirəsinə çıxarılır. Belə ki, sosial şəbəkələrdə yayılan videolar həm müəllimlərin, həm şagirdlərin, həm də valideynlərin qeyri-etik davranışlarını təqdim edir. 



Baş verənlər ictimaiyyət tərəfindən birmənalı qraşılanmır. Bir qrup müəllimləri, bir qrup isə şagirdləri günahlandırır ki, bu proseslərdə valideynlərə irad tutanlar da var. Bu gün məktəblərdə baş verən hadisələrlə bağlı müəllimlərə, yaxud şagirdlərə tətbiq edilən cəza tədbirləri isə effekt vermir, sanki məktəblərdə proseslər “domino” effektini alıb.



Əsas problem isə ondadır ki, Təhsil Nazirliyi bu proseslərin yaranma səbəbi ilə bağlı tədbirlər görməkdənsə, əsas problemi həmin faktların sosial şəbəkədə yayılmasında görür.



Maraqlıdır, məktəbləri sosial şəbəkələrdə müzakirə mövzusuna qədər gətirib çıxaran səbəblər nədir?



Təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, hazırkı vəziyyətdə təhsil prosesinin bütün tərəfləri - istər valideynlər, istər müəllimlər, istərsə də şagirdlər təhsilin idarə edilməsi ilə bağlı ciddi problemlərin olduğunu aşıq-aşkar görürlər:



“Problem təhsilin idarə edilməsindədir. Təhsillə bağlı heç bir əlaqəsi, təcrübəsi olmayan, sadəcə xarici dil biliyi və xaricdə təhsil aldığı üçün uğursuz təyinatların nəticəsidir ki, bu gün təhsil sistemi çalxalanır. Məktəblərdə tərbiyə tamamilə aradan qalxıb. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Azərbaycan məktəblərinin 32 ildir ki, nizamnaməsi yoxdur. Məktəblər nəyin əsasında idarə olunur? Nizamnamədə müəllimlərin, valideynlərin, şagirdlərin davranışları və qaydalar, ümumiyyətlə, məktəbin fəaliyyət istiqamətlərinin əsasları göstərilməlidir və bu, hazırda olmadığına görə problemlər özünü büruzə verir”.



Ekspertin fikrincə, nizamnamələrin olmaması ilə yanaşı, məktəbdaxili intizam qaydaları ilə bağlı ciddi problemlər var:



“Artıq 7-8 ildir ki, Təhsil Nazirliyi təhsili ancaq “votsap”qrupları, sosial şəbəkələr üzərindən, şifahi əmrlərlə idarə edir. Təhsilinin idarə edilməsi ilə bağlı hüquqi-normativ təlimatların, qaydaların, sənədlərin olmaması öz acı nəticələrini göstərməkdədir. Çox təəssüf ki, dövlət büdcəsindən böyük vəsait əldə edən təhsilin inkişaf institutu boş, mənasız, sosial şəbəkə üzərindən müəyyən statuslar paylaşmaqla məşğuldur. Halbuki bu təlimatlar, qaydalar Təhsil İnstitutunda hazırlanmalı, məktəblərə göndərilməlidir. Təhsil İnstitutu təhsil sahəsində yeganə elmi-tədqiqat institutudur ki, bu gün bir kurs səviyyəsində təlimlər keçmək, layihələr həyata keçirməklə məşğuldur. Həmin layihələrin arxasında böyük maddi vəsaitlər durur”.



Problemdən çıxış yolu nədir?

Ekspert deyir ki, təhsilin idarə edilməsi ilə bağlı məsələni ölkə başçısı öz nəzarətinə götürə bilər:



“Necə ki, 20 il bundan öncə ölkə başçısı orduya nəzarəti öz üzərinə götürdü və ordu quruculuğuna birbaşa özü rəhbərlik etdi, təhsillə bağlı məsələni də şəxsən nəzarətə götürə bilər. Təhsillə bağlı olmayan insanlar təhsildən uzaqlaşdırılmalıdır. Həmin şəxslər harada şirkətlər yaradıblarsa, kimin ixtisası nədirsə gedib o sahədə işləsin. Təhsil İnstitutu da elmi-tədqiqatlar mərkəzi olduğu üçün təhsillə bağlı araşdırmalara başlamalıdır. Sonra isə hər bir məktəbin fərdi nizamnaməsinin hazırlanması üçün durmadan işlər görülməlidir. Təhsilin idarə edilməsi ilə bağlı hüquqi-normativ sənədlər hazırlanmalıdır”.



Ekspertin fikrincə, məktəblərdə direktorların tez-tez işdən çıxarılması məsələnin həlli yolu deyil:



“Direktorlar, müavinlər idarəetmə ilə bağlı olaraq təlimlərə cəlb olunmalıdır. Çox təəsüflər olsun ki, təhsilinin əsas lokomotivi olan əlavə təhsil məhv edildi. Təhsil elə bir sahədir ki, burada konkret bir hadisəni müzakirə etmək effekt vermir. Çünki kompleks yanaşmaq lazımdır. Müvəqqəti olaraq bu işlər həyata keçirilənə qədər belə hadisələrin baş verməməsi və ya minimuma endirmək üçün hazırkı vəziyyətdə TN məktəblərdə şagirdlərin davranış qaylarını işləyib göndərməlidir. Hətta nəinki şagirdlərin, müəllimlərin belə dərs zamanı mobil telefondan istifadə, məktəbə gətirilməsi müvəqqəti dayandırılmalıdır. Məktəblərin giriş qapısı yanında dolablar qoyulmalıdır, elə baha qiymətə olmayan xüsusi proqram təminatı olan avadanlıqlarla açıq olan telefonları bina ərazisində aşkarlasın. Bu, təkcə şagirdlərə deyil, müəllimlərə də şamil olunmalıdır. Çünki şagird dərs zamanı görür ki, müəllim telefonla oynayır, bütün günü müəllimə zəng gəlir. Şagird də telefonla oynayır.



Son vaxtlar hadisələr kütləvi hal alıb. Bizdə təqribən 40 məktəbdən videolar var ki, üzə çıxarılası deyil. Şagirdlər sanki bəhsə giriblər. Bilərəkdən “TikTok”, yaxud başqa sosial şəbəkələr üçün çəkirlər. Biz bu məsələnin çox üstünə getdikcə daha da populyarlaşır və mənfi təsir göstərir”.



Ekspert deyir ki, bu problemləri yaradan səbəbləri aradan qaldırılmır və sadəcə qadağa qoyulur ki, üzə çıxmasın:



“İllərdir ki, bu qadağa qoyulur və artıq bu gün “şar” partlamaq üzrədir. Artıq o qadağaların heç bir effekti yoxdur. Reallıq ondan ibarətdir ki, təhsil idarəolunmaz vəziyyətə gəlib. Təhsil Nazirliyi bu gün yox, artıq bir neçə ildir ki, təhsil prosesini idarə etmək iqtidarında deyil. Nazirlik layihələr həyata keçirən QHT-yə çevrilib. Çünki nazirlikdə oturanların hər birinin özünün və yaxınlarının QHT-ləri var. Onlar ancaq müxtəlif layihələrlə dövlət əmlakını dağıtmaqla məşğuldurlar. Onlar təhsil prosesinin idarə olunması ilə bağlı işlər görmür. Onların nə təhsili, nə də təcrübəsi də imkan verir ki, hansısa işlər görsünlər. Hansısa kiçik qadağalar elə bir effekt verməyəcək. Vəziyyət göründüyündən qat-qat ağırdır”.
0 0

Şərhlər

Oxşar xəbərlər