"Uşaqların xəstələnməsinə səbəb məktəb və bağçalardır" - Pediatr
6-01-2022, 06:29
320

"Uşaqların xəstələnməsinə səbəb məktəb və bağçalardır" - Pediatr

Son günlər uşaqlar arasında müxtəlif soyuqdəymə xəstəlikləri yayılıb. Əksər hallarda uşaqlar xəstəlikdən sağaldıqdan bir həftə sonra təkrar xəstələnirlər. Bəs görəsən, bu xəstəliklər nədən yaranır? Uşaqları ondan necə qoruya bilərik? 

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-pediatr Kənan Qarayev cavablandırıb. O bildirib ki, havanın belə dəyişkən keçməsi, temperaturun anidən düşməsi və qalxması virusların təkrarən aktivləşməsinə şərait yaradır:

“Bu isə uşaqlarda yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərini törədir. Bəzi uşaqlarda həkimlər vəziyyəti koronavirus kimi dəyərləndirir. Bəzən elə olur ki, xəstəliyin ikinci mərhələsi alovlanma mərhələsi olur. O zaman uşaqdan qan analizləri götürüb araşdırılmalıdır. Bu mənada bəzi uşaqlarda həmin xəstəliklər Covid-19 virusu kimi dəyərləndirmək olur. Amma əksər uşaqlarda vəziyyət adi qrip və kəskin respirator virusu kimi dəyərləndirilir. Xəstəliyin təkrarlanmasına səbəb məktəb və bağçalarda qripə qarşı profilaktik tədbirlərin görülməməsidir. Məktəb və bağçalardakı şərait xəstəliyin daha geniş areala yayılmasına səbəb olur. Sinfidə bir uşaq xəstələndikdə bir gün ərzində digər 30-40 şagird də yoluxub xəstələnə bilir. Buna görə təcili tədbirlər görülməlidir”.

Pediatr bildirib ki, xəstəliyin daha da dərinləşməməsi üçün ev şəraitində temperaturu nəzarətdə saxlamaq lazımdır:

"İlk iki gün üçün xüsusilə diqqətli olmaq lazımdır. Xəstə uşaq bol maye, çay və su qəbul edə bilirsə, xəstəliyi evdə nəzarətdə saxlamaq olar. Əgər ilk gündən maye qəbulu tamamilə kəsilibsə, o zaman dərhal xəstəxanaya müraciət etmək lazımdır. Xəstəliyin səbəbi ətraflı araşdırılmalıdır ki, ağırlaşma halları olmasın. 

Bəzən valideynlər ağırlaşmış halda həkimə müraciət edir. Sağalan uşaqların yenidən yoluxmasının əsas səbəblərindən birii də özbaşına müalicədir. Adətən valideynlər özbaşına qərar verib, aptekdən bəzi dərmanlarla uşağın temperaturunu aşağı sala bilir. Ev şəraitində özbaşına antibiotik dərmanlarından istifadə edən valideynlər çoxdur. Bəziləri isə xalq təbabətinə üstünlük verir. 

Temperaturun bir iki gün normal olması xəstəliyin sağalması demək deyil. Ona görə də uşaq təkrarən daha ağır formada xəstələnir. Bu zaman uşaqlarda pnevmaniya da yarana bilir. Bir çox uşaqlarda biz bunu müşahidə edirik. Ona görə də əgər uşaq halsızdırsa və temperatur düşmürsə, maye qəbul edə bilmirsə, mütləq pediatra müraciət edilməlidir”.
0 0

Şərhlər

Oxşar xəbərlər