Web of Science bazasına jurnal seçimi BU  ŞƏKİLDƏ aparılır
5-01-2022, 11:25
446

Web of Science bazasına jurnal seçimi BU ŞƏKİLDƏ aparılır

TehsilForumu.Az  - Web of Science Core Collection (WoS) akademik materialların referativ bazalarını birləşdirir. O hər jurnalın ayrıca impakt factor aldığı dünyanın ən iri axtarış platformalarından biri hesab edilir. 2016-cı ildən Clarivate Analitics şirkəti tərəfindən idarə olunan platforma özündə təbiət, texniki, sosial və humanitar elmlər haqqında məlumatları əks etdirən elmi nəşrləri birləşdirir. Web of Science–də indekslənən jurnal dünyanın elm ictimaiyyətində yüksək status və təsir gücünə malikdir. Maraqlıdır, Web of Science elmi platformasına hansı bazalar daxildir: Dəqiq elmlər üzrə baza Science Citation İndex Expanded (SCİE, Genişləndirilmiş Elmi Sitatlaşma İndeksi), sosial elmlər üzrə Social Science Citation İndex (SSCİ), humanitar elmlər üzrə isə Arts&Humanities Citation İndexdir (AHCİ (İncəsənət və Humanitar Sitatlaşma İndeksi).

 

Bu bazaların rolundan bir qədər ətraflı bəhs edək. Öncə qeyd edim ki, onlar dünya miqyaslı beynəlxalq yerli və regional jurnalları tərkiblərinə daxil edirlər. Maraqlı burasıdır ki, bu bazalar getdikcə genişlənir, daha çox elmi jurnalı, eləcə də yeni-yeni bazaları öz ətrafında cəm edir. ESCİ (Emerging Sources Citation İndex, İnkişaf Edən Mənbələr Sitatlaşma İndeksi) adlı baza da yeni daxil edilənlər sırasındadır. Bu baza sosial və humanitar elm sahələrindən başqa, digər bütün elm sahələrini əhatə edir. Jurnalın ESCİ bazasına seçilib daxil olması Core Collection-un digər bazalarına daxil olmaq qaydaları ilə eyniyyət təşkil edir.

 

ESCİ bazasına daxil olmaq üçün də jurnalların qarşısında mühüm tələblər dayanır. Bu tələblərə diqqət yetirək:

 

1.Elmi məzmuna əsaslanmış ekspert qiymətləndirilməsinə malik olmalı (rəy vermə prosesi);


Nəşr etikasına əsaslanan ümumi qəbul olunmuş təcrübəni izləməli;

Müəyyən olunmuş texniki tələblərə uyğunlaşmalı;

4.İngilis dilində biblioqrafik məlumata malik olmalı;

 

Bəzi jurnallar ekspert qiymətləndirməsindən dərhal sonra bir və ya bir neçə (SCIE Science Citation Index (ixtisarla SCI), SSCI, AHCİ) bazaya daxil ola bilər. SCİE bəzi hallarda, sadəcə SCI adlanır. Bu indeks Elmi İnformasiyalar İnstitutu (ISI) tərəfindən təsis olunub. SCIE -də 8500-dən artıq, yüksək sitat göstəricisinə malik olan jurnallar indekslənir. Bu indeksə Web of Science - SciSearch platforması vasitəsilə daxil olmaq mümkündür.

Jurnalların çoxu isə əvvəlcə ESCİ bazasına daxil olduqdan sonra əsas bazalara daxil ola bilər. ESCİ-yə daxil olma jurnalın SCİE və ya AHCİ-yə daxil olmasına təminat vermir. Digər tərəfdən, əsas bazaya daxil olan jurnallar artıq uyğun tələblərə cavab verdikdən sonra ESCİ bazasına yerləşdirilə bilər.

 

Jurnalların SCİE, SSCİ və AHCİ-də qiymətləndirilmə prosesinə baxış:

 

Qeyd etdiyim kimi, jurnalların Web of Science bazasına daxil olması üçün onların qarşısında müəyyən tələblər qoyulur. Biz bu tələblər haqqında bəhs etmişik. Bununla yanaşı, irəli sürülən şərtlər sırasında Nəşrlərin baza standartları, jurnalın məzmunu (faydalı elmi məzmun), Beynəlxalq səviyyəli müəllif və redaksiya heyəti, verilən rəylərin təhlili də yer tutur. Web of Science bazasına daxil olan ekspertlər qrupu jurnalın ümumi zəif və güclü tərəflərini bu göstəricilər əsasında təyin edə bilirlər. Qiymətləndirmə prosesinin əsas parametrlərindən biri də jurnalın bütün saylarının vaxtında yayımlanmasıdır. Jurnalın çıxış tezliyi təyin olunub elan edildikdən sonra, Clarivate Analitics şirkətinin ekspertlər qrupunun üzvləri elmi jurnalı qiymətləndirmək üçün növbəti mərhələyə keçə bilərlər. Bu proses adətən şirkətə gün ərzində daha çox jurnalların qəbul olunduğu və ekspertlər tərəfindən təyin olunan prioritet məsələlərin müzakirəsinin təyin edildiyi üçün tez başlamır.

 

SCİE, SSCİ və AHCİ bazalarına daxil olmaq istəyən jurnalların bütün nömrə və ya buraxılışları ekspertlər qrupu tərəfindən əldə olunmalıdır. Jurnalın təsisçisi yalnız jurnalın üç ardıcıl sayı çapdan çıxdıqdan sonra jurnalı qiymətləndirmək üçün Web of Science ekspertlərinə təqdim edə bilər. Jurnalın qiymətləndirilməsi işi Web of Science bazasına daxil olduqdan bir il müddət ərzində davam edə bilər. Araşdırmalara görə, hər il SCİE, SSCİ və AHCİ-yə daxil olmaq üçün 3500 jurnal nəzərdən keçirilir. Onlardan yalnız 10% -i bazaya daxil edilir. Göründüyü kimi, bu elmi bazaya daxil olmaq, yalnız qoyulan tələblərə əməl olunamqla mümkündür ki, bunu da hər jurnal əldə edə bilmir. Digər tərəfdən, Web of Science-də indeksləşən jurnalların hamısı daimi olaraq keyfiyyəti nəzarətdə saxlamaq gücündə deyil. Standartları saxlaya bilməyən jurnallar bazadan çıxarılır.

 

 

İmpakt-faktorlu jurnallarda elmi məqalələrini dərc etmək istəyənlərin bilməli olduğu MÜHÜM məqamlar…

 

Bu məqamlara riayət etməklə, nüfuzlu elmi jurnallara yol tapa, elmi məqalələrinizi dünyanın elmi ictimaiyyətinin diqqətinə təqdim edə bilərsiniz.

 Jurnalın saytına etibar etməyin, jurnalın impakt-faktorunu https://mjl.clarivate.com/home platformasında yoxlayın;

- WoS, WoS Core Collection platformasına qəbul edilən jurnalların heç də hamısı impakt-faktora malik deyil, bunlar Emergency (ESCI) jurnallar adlanır, 5 il müddətinə yoxlanılmaq üçün qəbul edilirlər. 5 il müddət ərzində özlərini doğrultmayan elmi jurnllar bu platformadan xaric edilirlər və predatory jurnallar siyahısına düşürlər. Onların platformadan çıxarılamalarının əsas səbəbi, pul müqabilində kütləvi nəşrlə məşğul olmalarıdır. Onlar elm üçün yırtıcı hesab edilirlər;

- WoS platformasına qəbul edilib SCI, AHCI, yaxud SSCI-də indekslənən jurnallar impakt-faktorludur;

 - İstinad olunmayan məqalələr jurnalın nüfuzunu aşağı salır, bu tip məqalələrin dərc olunduğu jurnallar impakt-faktorunu yüksəltməkdə çətinlik çəkirlər; - Jurnalda məqalələrin çoxluğu, yaxud azlığı jurnalın keyfiyyətinə təsir etmir, keyfiyyətə məqalələrin elmi aktuallığı təsir göstərir.

 

Qeyd edim ki, mjl.clarivate.com platformasında ancaq axtarış vermək olur və müəlliflər jurnalın bu siyahıda olub olmadığını öyrənirlər.

Jurnalın impakt-faktorunu isə ancaq buradan yoxlamaq mümkündür: webofknowledge.com. Lakin bunun da bir problemi odur ki, soxsaylı mülliflər bu sistemə daxil ola bilmirlər. Bu platformaya ancaq icazə verilən məhdud sayda elmi müəssisələr daxil ola bilirlər.
 

Elmi jurnalların fəaliyyətinə təsir edən mühüm amillər

 

Elmi jurnalların nüfuzu orada dərc olunan elmi məqalələrin keyfiyyəti, elmi aktuallığı, müasirliyi, nəticələrinin iqtisadi səmərəsi, eləcə də elmi yeniliyi və digər amillərlə ölçülür. Bu amillər əksər jurnallarda nəzərə alınmasa da, buna birmənalı olaraq əməl edən jurnallar uğur qazanırlar. 

Elmi jurnal, yalnız keyfiyyətli məqalə dərc etməlidir, jurnalın həcmini genişləndirmək naminə, keyfiyyətsiz, aktual olmayan tədqiqatlara yer verilməməlidir;
Jurnal məqalələri konkret məqsədlərə xidmət etməli, yeri gəldikkcə, beynəlxalq elmi müzakirələrə vəsilə olmalıdır;
Hər bir məqalə özlüyündə maraq kəsb etməli, elmi istinad obyektinə çevrilməldir;
Özünəistinad minimal səviyyədə olmalıdır;
Beynəlxalq ümumi ünsiyyət dilində xarici tədqiqatçılarla birgə elmi tədqiqat işlərinin aparılması və tədqiqatların nəticəsi olaraq jurnalda dərc olunması jurnal üçün müsbət hal hesab olunur;
Jurnalın özünün tədqiqat mövzuları təklif etməsi jurnalın elm aləminə adaptasiyası baxımından əhəmiyyətlidir;
İstinad olunma ehtimalı az olan məqalələrin dərci mimimuma endirilməldir;
Dünyada aparılan elmi tədqiqatlar daim izlənməli, yeni, aktual tədqiqat işləri jurnala cəlb olunmalıdır;
Xarici dillərdə daxil olan məqalələr, eləcə də onların xülasələri dil daşıyıcıları tərəfindən nəzərdən keçirilməlidir;
Jurnalın reytinqi yüksəldiyi kimi, enə də bilir, odur ki, yüksələn xətti saxlamaq lazımdır...
 


Ardı var.


Böyükağa MİKAYILLI,

Təhsil sahəsi üzrə tədqiqatçı jurnalist.



 

0 0

Şərhlər

Oxşar xəbərlər