Məktəbə yardım və ianə edilə bilər?!
22-12-2021, 21:45
497

Məktəbə yardım və ianə edilə bilər?!

TehsilForumu.Az - Təhsil haqqında” qanunun 34-cü, 38-ci və 39-cu maddələrinə görə valideynlər təhsil müəssisəsinə könüllü yardımlar etmək, o cümlədən təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq və onu nizamnaməsinə uyğun olaraq sərbəst istifadə etmək, hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları hesabına maliiyyələşmək hüquqlarına malikdirlər. “Ümumi təhsil haqqında” qanunun 24-cü və 30-cu maddələrinə görə isə valideynlər təhsil müəssisəsinə könüllü yardımlar etmək, o cümlədən ümumi təhsil müəssisəsi mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq kreditlər, qrantlar, ianələr kimi mənbələrdən maliyyələşmək və onu nizamnaməsinə uyğun sərbəst istifadə etmək, ümumi təhsil müəssisəsinin əldə etdiyi vəsaiti bilavasiti müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən təhsilalanların stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəltmək hüquqlarına malikdirlər.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nin 9-cu və 10-cu bəndlərinə görə ümumətəhsil məktəbləri hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verdiyi qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar, beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant və vəsaitlər kimi mənbələrdən maliyyələşə bilər, o cümlədən valideynlərin və ya digər qanuni nümayəndələrin məktəbə könüllü yardımlar etməsi, ümumtəhsil məktəbinin qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar alması və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə etməsi məktəbin təhsil sahəsində hüquqlarına daxildir.

“Vergi məcəlləsinin”106-cı maddəsinə görə vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan təhsil sahəsində fəaliyyət göstərən müəssisələrə köçürülən hissəsi 2029-cu il 1 yanvar tarixinə qədər vergidən azaddır. Bu amil də kommmersiya hüquqi və fiziki şəxslərini təhsil müəssisələrinə yardım etməyə təşviq edən müsbət bir hal kimi qiymətləndirilə bilər.


Göründüyü kimi təhsil sahəsində qanunlar və ümumtəhsil məktəbinin nizmanaməsi valideynlərin məktəblərə könülül yardım və ianə etmək, o cümlədən məktəbin o vəsaitləri hətta lazım gələrsə şagirdlərin və müəllimlərin maddi stimullaşdırılmasına belə xərcləmək hüquqlarını tanıyır. Lakin bu sənədlərdə ianə və yardımların qanunvericiliklə müəyyən edilmiş qaydada könüllü ödənməsini və xərclənməsini şərt kimi göstərilir. Bu o deməkdir ki, məktəblərin bank hesabları olmalı və mövcud mərkəzi icra hakimiyyəti orqanı məktəblərə verilən vəsaitlərin qəbulu və xərclənməsi barədə norma və qayda müəyyənləşdirməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən belə bir sənəd hazırlanıb təsdiq edilmədiyi üçün hazıda məktəblərin hər hansı formada nağd pul vəsaitlərini qəbul etməsi qanuna ziddir, onlar yalnız qanunvericilikdə qeyd edildiyi kimi, kitabxana fondunun və tədris resurslarının zənginləşdirilməsi məqsədi ilə kitablar, əyani vəsaitlər və sair bu kimi vasitələri ianə və yardım kimi qəbul edə bilərlər.
Mövcud qanunvericilik məktəblərin ianə və yardım ala bilmək hüququnu tanısa da bu məhz məktəblərdə valideyn idarəetmə və ya özünüidarəetmə orqanları vasitəsi ilə reallaşdırması anlamında deyil. Təbii ki, məktəblərdə valideyn idarəetmə və ya özünüidarəetmə orqanları da məktəbə yardım və ianə etmək hüquqlarını özündə saxlayırlar.

“Təhsil haqqında” qanunun 34-cü maddəsinə görə valideynlərin təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüququ var. “Ümumi təhsil haqqında” qanunun 20-ci və 24-cü maddələrinə görə də valideynlərin təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək hüquqları var və ümumi təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər özünüidarə orqanları  -  valideynlər şurası yaradıla bilər. 

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nin 5-ci bəndinə görə ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilməklə idarə və özünüidarə orqanları - valideynlər və valideyn şuraları yaradıla bilər. 

Lakin praktikada “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”i əsasında ayrı-ayrı məktəblərin fərdi nizamnamələrində bu şuraların yaradılma mexanizmini özündə etiva edən bəndlərə rast gəlinmir. Məktəblərin qanunvericiliyə uyğun dövlət-ictimai idarə edilməsi prinsipindən doğan bu kimi məsələnin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə öz əksini tapmaması və bunun ayrı-ayrı məktəblərin fərdi nizamnaməsinə daxil edilməsi tələbi qanunvericiliyin ciddi boşluğu hesab edilməlidir. 

     Hazırda quvvədə olan “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə əsasnamə”də bu təşkilatın işinin məzmunu, bir sıra hüquq və vəzifələri qeyd edilsə də onların reallşadırılması üçün maliyyə mənbələri barədə heç bir norma yoxdur, yalnız komitənin icbari təhsil fondunun bölgüsündə iştirak etmək hüququ barədə bir bənd mövcuddur. Ümumiyyətlə Təhsil Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq edilən bu sənəd keçid dövrü üçün xarakterik olan normaları özündə etiva edir və hazırda dövrün təhsil tələbləri ilə səsləşmir.

«Valideyn-Müәllim Assosiasiyalarının yaradılması» adlı pilot layihә 2003-cü ildə Tәhsil Nazirliyinin texniki dəstəyi, UNİCEF-in maliyyə resursu, «Ümidli Gәlәcәk» Gәnclәr Tәşkilatının әmәkdaşlığı ilә ölkənin 5 pilot mәktәbindә hәyata keçirmişdi. Hazırda ölkə məktəblərinin 3 faizində fəaliyyət göstərən “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” (AVMA) İctimai Birliyi 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış bir təhsil platformasıdır. AVMA nizamanməsində heç bir hökumət təşkilatından asılı olmadığını və QHT olduğunu elan edir. Ölkədə mövcud olan 4000-dən artıq məktəbin 127-də, o cümlədən Təhsil Nazirliyinə tabe 20 məktəbdən 8-də, BŞTİ tabeliyindəki 300-dən artıq məktəbdən 12-də bu təşkilat fəaliyyət göstərir. Nizamanaməsində təşkilatın maliyyә vәsaitlәrinin üzvlük haqlarından, hәr hansı bir layihәni hәyata keçirmәk üçün üzvlәrin verdiyi vәsaitdәn, qeyri-dövlәt idarә, müәssisә vә tәşkilatların, vәtәndaşların könüllü verdiklәri vәsaitlәrdәn, qrantlardan, tenderlərdən,ianәlәrdәn әldә olunan vәsaitlәrdәn formalaşdığı, təşkilatın 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının maliyyә vәsaitinin tәyinatı üzrә xәrclәnmәsinә nәzarәti hәyata keçirməsi və təşkilatın öz maliyyә fәaliyyәtinin yoxlanılması üçün ildә bir dәfәdәn az olmamaq şәrti ilә qanuna müvafiq olaraq auditin aparılmasını tәşkil etməsi, təşkilatın bankda valyuta vә hesablaşma hesablarına malik olması, üzvlük haqlarını vaxtında vә müvafiq qaydada vә hәcmdә hәr kvartalın ilk iki hәftәsi әrzindә ödәmәyin təşkilatın üzvlərinin vəzifəsi olması və bunu ödəməyən üzvlərin təşkilatdan xaric edilə bilməsi aydın qeyd edilib. Mərkəzləşmiş formada bəzi məktəblərdə mövcud olan bu QHT-nin fəaliyyəti həm qanunvericilik, həm də mövcud reallıqlar çərçivəsində birmənalı qarşılanmır.
0 0

Şərhlər

Oxşar xəbərlər