Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər davam edir
8-02-2022, 14:03
689

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər davam edir

Təlimlər Gəncə, Bərdə, Lənkəran və Xaçmaz regional bölmələri üzrə müraciət edən 223 namizəd üçün iki gün müddətində 20-22 nəfərlik qruplarda keçirilib

 
TehsilForumu.Az  xəbər verir ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər 8 yanvar 2022-ci ildən başlanılıb və bu günədək 514 namizəd iştirak edib.

 

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. 

Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

 

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

 

Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edirlər. Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı əldə etdikləri imtahanların texnologiyası, zal nəzarətçilərinin vəzifələri və funksiyaları haqqında nəzəri bilikləri yoxlanılır. İmtahanlardan 60% və daha yüksək nəticə göstərənlər A və ya B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilirlər.

 Məlumat üçün bildirək ki, bu günə qədər yekun test imtahanında 226 namizəd iştirak edib.

 

Zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.

 

Qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün 1457 nəfər öz ərizəsini təsdiq edib və bunlardan 908 nəfəri müsahibə mərhələsindən uğurlu nəticə əldə edərək növbəti mərhələlərdə iştirak hüququ əldə ediblər. 

Test imtahanları və təlimlər cari və növbəti həftələrdə davam edəcək. Ümumi prosesin fevral ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
0 0

Şərhlər

Oxşar xəbərlər