Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün test imtahanları və təlimlər davam edir
1-02-2022, 15:00
473

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün test imtahanları və təlimlər davam edir

29 və 30 yanvar tarixlərində zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər, ilkin və yekun test imtahanları keçirilib.

TehsilForumu.Az  xəbər verir ki, ilkin test imtahanı zamanı namizədlər psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahana cəlb ediliblər və bu imtahanda 111 namizəd iştirak edib.

Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı əldə etdikləri imtahanların texnologiyası, zal nəzarətçilərinin vəzifələri və funksiyaları haqqında nəzəri biliklərinin yoxlanılması həyata keçirilib və 121 namizəd iştirak edib.

Məlumat üçün bildirək ki, bu günə qədər ilkin test imtahanında 793, yekun test imtahanında isə 225 namizəd iştirak edib. İmtahanlardan 60% və daha yüksək nəticə göstərənlər A və ya B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilirlər.

29 və 30 yanvar tarixlərində Bakı, Gəncə və Bərdə şəhərlərində ötən günlər ərzində ilkin test imtahanından uğurlu nəticə əldə edən namizədlər üçün 20-22 nəfərlik qruplarda növbəti təlimlər də təşkil olunub və 271 namizəd iştirak edib.

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

Qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyat 2021-ci il 5 oktyabrda başlanılıb və bu müddət ərzində 1457 nəfər öz ərizəsini təsdiq edib.

Nəzərinizə çatdıraq ki, zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.
0 0

Şərhlər

Oxşar xəbərlər