Elm və ali təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbirləri keçirilib.
31-03-2024, 01:10
209

Elm və ali təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbirləri keçirilib.

Aşqarlar Kimyası İnstitutunda təşkil olunan tədbirdə institutun Həmkarlar Təşkilatının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov geniş təqdimatla çıxış edib. Bildirib ki, mart soyqırımı zamanı Bakı, Quba, Şamaxı və digər rayonlarda qırğınlar törədilib, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib.

 

Professor Pərvin Məmmədova və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Nüsrət Əliyev 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciə olmasından danışıb.

                                            

                                                                            …

 



Lənkəran Dövlət Universitetində (LDU) professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor müşaviri, professor Mikayıl Məhərrəmov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırım hadisələrindən danışıb, bu terror cinayətini dünyaya çatdırmağın vacibliyini bildirib. M.Məhərrəmov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

 

Tədbirdə universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “1918-ci il mart soyqırımı, səbəb, məqsəd və nəticələri” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, 31mart soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir; Azərbaycanlıların kütləvi şəkildə doğma yurdlarından didərgin salınması ilə müşayiət edilən XX əsr tarixinin dəhşətli səhifələrindəndir:“Ermənilərin zaman-zaman məkrli siyasət yeridərək “Böyük Ermənistan” xulyasını həyata keçirməyə çalışmalarına baxmayaraq, Azərbaycan xalqı onlara hər zaman lazımi cavabı verib. 44 günlük Vətən muharibəsində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bir daha mənfur düşmənlərimizə öz gücünü, qudrətini göstərdi, Müzəffər Ordumuzun gücü ilə tarixi ərazilərimiz ermənilərdən azad edildi və Azərbaycanın bütövlüyünə nail olundu”.Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dosent Qədim Rufullayev çıxışlarında 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda və bölgələrdə törətdiyi qətliamlardan söz açıblar.

 

Tədbir soyqırımdan bəhs edən videoçarxın nümayişi ilə yekunlaşıb.

                                                             ...

 



Bakı Mühəndislik Universitetində keçirilən tədbirdən öncə mart hadisələri ilə bağlı videoçarx nümayiş olunub.

 

BMU əməkdaşları və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən rektor Yaqub Piriyev “Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin, soyqırımı aktlarının tarixinə diqqət çəkib. Bu cinayətlər içərisində 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı dəstələri tərəfindən gerçəkləşdirilmiş kütləvi qırğınları xüsusi vurğulayan rektor azərbaycanlı əhaliyə qarşı tərədilən ağılasığmaz vəhşiliklər nəticəsində on minlərlə günahsız insanın qəddarlıqla qətlə yetirildiyini, yüzlərlə kəndin yandırıldığını, tarixi abidələrin məhv edildiyini, sakinlərin doğma yurd-yuvalarından didərgin salındığını deyib.

 

Rektor ermənilərin çoxəsrlik məkrli planlarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı ilə son qoyulduğunu, bu gün hər bir azərbaycanlının qalib xalq kimi qürur yaşadığını dilə gətirib. Erməni cinayətkarlarının törətdiyi qəddarlıqların yaddaşlardan heç vaxt silinməyəcəyini deyən Y.Piriyev gənc nəslin bu barədə maarifləndirilməsi üçün universitetdə tarixçilərlə görüşlərin, master-klassların təşkilinin əhəmiyyətini qeyd edib.  

Sonra BMU-nun ümumi fənlər kafedrasının professoru, tarixçi alim Şikar Qasımov geniş məruzə ilə çıxış edib. Alim çirkin erməni siyasətinin həyata keçirilməsi üçün tarixin məqsədli şəkildə saxtalaşdırılması, xalqımızın doğma torpaqlarından deportasiyası, soyqırım aktlarına dünyanın ikili standartlar əsasında münasibəti və digər gizlədilməyə çalışılan tarixi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.Bakı Dövlət Universitetində (BDU) “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” adlı respublika elmi konfransı keçirilib.

 

Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov erməni millətçiləri tərəfindən son 200 ildə, eləcə də 1918-ci il martın 31-də xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı tarixin qanlı səhifələrindən biridir:”Mart soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb. Bu dəhşətli faciənin ildönümü günləri 1919 və 1920-ci ilin mart ayının 31-də iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Sovet işğalından sonra yeni rejim onu unutdurmağa və xalqın hafizəsindən silməyə çalışsa da, buna nail ola bilməyib. Mart hadisələrinə həqiqi siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib”.

 

Milli Məclisin deputatı, universitetin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov “Mart soyqırımı: erməni iddiaları, faşist düşüncə və ədalətli baxış”, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov “Türk – müsəlman xalqlarına qarşı soyqırımların və “Böyük Ermənistan” xülyasının iflasa uğraması” adlı məruzələrində 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinin ordusu və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktının tarixi kökləri, səbəbləri, dəhşətli faktları və nəticələri haqqında iştirakçılara geniş məlumat veriblər.

                                                            …

 



 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki, Quba və Şamaxı filiallarında 31 mart soyqırımı qurbanları yad edilib.
 

Quba filialının fakültə dekanları Mürvət Əliyev, Nübar Bayramova, Quba GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, filialın tələbə kollektivi və gənc könüllülər Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksini ziyarət edib, xatirə abidəsinin önünə tər qərənfillər düzüblər.
 

ADPU-nun Şamaxı filialının rəhbərliyi və kollektivi isə Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsini ziyarət edib.Quba filialının fakültə dekanları Mürvət Əliyev, Nübar Bayramova, Quba GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, filialın tələbə kollektivi və gənc könüllülər Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksini ziyarət edib, xatirə abidəsinin önünə tər qərənfillər düzüblər.
 

ADPU-nun Şamaxı filialının rəhbərliyi və kollektivi isə Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsini ziyarət edib.

 

Filialda keçirilən tədbirdə çıxış edən direktor dosent Tünzalə Yusifova bildirib ki, ötən əsrdə Azərbaycan xalqı dörd dəfə erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımı və deportasiyaya məruz qalıb. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib.

 

Sonda filial tələbələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.

                                                           …

 



Bakı Slavyan Universitetindəki tədbirdə açılış nitqi ilə çıxış edən beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında məlumat verib.

 

Sonra Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru tarix elmləri doktoru Fərhad Cabbarov “1905-1906 və 1918-ci illər hadisələri: tarixi paralellər və tarixin ibrət dərsləri”, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Qanlı martın pərdəarxası", Qərbi Avropa Dilləri fakültəsinin dekan müavini Günel Üstündağ “1918-ci il mart soyqırımına hüquqi-siyasi qiymətin verilməsi”, Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Pərvin Sadıqlı “Beynəlxalq hüquqda Soyqırım aktı və erməni terrorizmi” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Çıxışlarda soyqırımla əlaqədar tarixi faktlar diqqətə çatdırılıb.



 
0 0

Şərhlər

Oxşar xəbərlər