XII “Fənlərin Dostluğu Olimpiadası” keçiriləcək
22-11-2022, 12:25
467

XII “Fənlərin Dostluğu Olimpiadası” keçiriləcək

Dekabrın 4-ü Bakı, Sumqayıt və Xırdalan şəhərləri başda olmaqla respublikamızın digər şəhər və rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX və X sinif şagirdləri arasında XII “Fənlərin Dostluğu Olimpiadası” keçiriləcək.

 
TehsilForumu.Az “Hədəf Group”a istinadən xəbər verir ki, bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

 

Olimpiadanın sualları inteqrasiyaya əsaslanır. 2 fənli, 3 fənli, 4 fənli və 5 fənli olmaqla tərtib edilən suallar çətinlik dərəcəsinə görə qiymətləndirilir.

 

İştirak etmək istəyən şagirdlər olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

 

“Fənlərin Dostluğu Olimpiadası”nda ilk on yeri tutan şagirdlər və onların təhsil aldığı məktəblərə qiymətli hədiyyələr təqdim olunacaq.

Olimpiada Azərbaycan Dövlət İqtisad Universiteti və “Hədəf Group”un birgə təşkilatçılığı ilə baş tutacaq.

Layihədə iştirak ödənişsizdir.

 

Olimpiadanın dəstəkçiləri “Sınaq” İmtahan Mərkəzi, “Modika Hospital”, “Eduhek”, “SinKod”, “Hədəf Global”, “Robotzade”, “Kitabevim.az” kitab mağazaları şəbəkəsidir.

 

FDO-nun informasiya dəstəkçiləri AzTV, “Senet.az”, “Azedu.az” portalları və “Ustad” dərgisidir.

 

Qeyd edək ki, 2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilir. Layihənin məqsədi dissiplinlərarası təhsil modelini, fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını öyrənənlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
0 0

Şərhlər

Oxşar xəbərlər