Şəhid ailələri və qazilərin övladı öndə...
20-07-2022, 14:46
404

Şəhid ailələri və qazilərin övladı öndə...

TehsilForumu.Az - Dünəndən etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Təhsil Nazirliyindən bildirilib ki, proses 14 sentyabr tarixinədək davam edəcək. Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

 İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı bir sıra kateqoriyadan olan uşaqlara qəbul zamanı üstünlük hüquqları veriləcək. Həmin kateqoriyaya aşağıdakı qrupları aiddir:

1. şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;

2. tək işləyən valideynlərin övladları;

3. I və II qrup əlillərin övladları;

4. hərbi xidmətdə olan valideynlərin övladları;

 5. təhsilalan anaların övladları;

 6. çoxuşaqlı ailələrdən olan uşaqlar;

 7. qəyyumluqda olan uşaqlar.

Göründüyü kimi, dövlətimizin sosial qayğıya ehtiyacı olan şəxslərə və onların övladlarına diqqət və qayğısı ölkə başçısının yürütdüyü siyasətin əsasını təşkil edir. Məhz şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladlarının məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı ilk sırada yer alması bunun əyani sübutudur.

Təhsil üzrə ekspert Nadir İsrafilov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, ali məktəblərə qəbul zamanı ödənişlərin verilməsi məsələsində də dövlət başçısının şəhid və qazi övladlarına olan diqqətinin şahidi olmuşuq: “Torpaqlarımızın geri qaytarılması və ərazi bütövlüyümüzün təmin olunmasında müstəsna xidmətləri olan şəhidlərimizin, həmçinin qazilərin övladları üçün təhsilin əlçatan olması dövlət siyasətinin başlıca prinsipidir. Bir zamanlar məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi icra hakimiyyətlərinin tabeliyində idi. Lakin icra hakimiyyəti orqanları bu sahədə o qədər də professional təcrübəyə malik deyildilər. Ona görə də məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilə bağlı öhdəlik yenidən Təhsil Nazirliyinə qaytarıldı. Təhsil Nazirliyi bu istiqamətdə öz işini görür. Məhz Təhsil Nazirliyi məktəbəqədər təhsil də daxil olmaqla, orta, tam orta, ali və tam ali təhsil prosesində səriştəli işinə davam edir. Hər bir halda cənab Prezidentin “Məktəbəqədər təhsil sektorunun inkişaf etdirilməsi haqqında” sərəncamı ilə ölkəmizdə tikilən bağçaların sayı artmaq üzrədir. Təhsil Nazirliyi də bu sahədə işlərin nizamlanması üçün konkret işlər görür”.
0 0

Şərhlər

Oxşar xəbərlər