“Operativ Qərargah sırf təhsil müəssisələri ilə bağlı qərar verə bilər ki...”
4-02-2022, 06:27
1 514

“Operativ Qərargah sırf təhsil müəssisələri ilə bağlı qərar verə bilər ki...”

İnfeksionist: “Hazırda “Omicron”un öldürücü olmadığına güvənib səhlənkar yanaşanlar var, lakin arxayınlşamaq olmaz”

Təhsil eksperti: “Məktəblərdə 2-3 həftəlik distant təhsilə keçilsə, gündəlik yoluxmanın sayını aşağı salmaq mümkün olar”

Azərbaycanda COVID-19-a yoluxma statistikasında günbəgün artım müşahidə edilir. Məktəblərdə müəllimlər arasında COVID testi pozitiv çıxanlar, şagirdlər arasında qızdırma, öskürək, halsızlıq kimi əlamətlərlə xəstə olanlar da kifayət qədər çoxdur.

Son günlərdə sosial mediada fevral ayının 15-də məktəblərin bağlanacağı barədə fikir dolaşır. Bununla bağlı Təhsil Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargah isə hələlik bu barədə öz susqunluğunu qoruyur.

Redaksiyamıza daxil olan məlumatlara görə də, Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən məktəblərdə kütləvi yoluxma halları müşahidə olunur. Məsələn, Abşeron rayonu Xırdalan şəhəri 10 saylı orta məktəbdə son günlərdə 22 nəfərin COVID testinin pozitiv çıxdığı barədə məlumat almışıq. Şagirdlər arasında da burunaxma, qızdırma, halsızlıq kimi əlamətlər müşahidə olunduğu bildirilir.

Sözügedən məktəbin aqibəti ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bidirilib ki, bu təhsil müəssisəsində tədrisin necə davam etdiriləcəyi barədə yoxlama aparıldıqdan sonra məlumat veriləcək: “Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə mövcud sanitar-epidemioloji vəziyyət barədə Gigiyena və Epidemiologiya mərkəzinə məlumat təqdim edilib. Yoxlama aparıldıqdan sonra məktəbdə tədrisin əyani və ya distant formada davam etməsi ilə bağlı rəy veriləcək”.

Ümumi yaşanan proses barədə AYNA-ya danışan infeksionist həkim Nicat Əzimlinin sözlərinə görə, son günlərdə COVID-19-a yoluxma statistikasındakı artım “Omicron” ştammı ilə bağlıdır: ““Omicron” variantı olduqca yüngül xarakterdə gedişata malik olsa da, bəzi şəxslərdə ağırlaşmaların olduğunu da müşahidə edirik. Hətta bəzən “Delta” varinatına yoluxanlara da rast gəlirik. Lakin “Omicron” dalğasına güvənib səhlənkar yanaşanlar olur. İnsanlar düşünürlər ki, “onsuz da “Omicron” varinatına yoluxmuşam, heç bir şey olmaz”. Amma bu, hər zaman belə olmaya da bilir. Nəticədə xəstəlik bir neçə gün sonra ciddi ağırlaşma ilə müşahidə oluna bilir. Buna görə də heç də arxayınlaşmaq olmaz. İstənilən vəziyyətdə ciddi dəyərləndirmə etmək lazımdır. Eyni zamanda da yoluxma sayının qarşısını almaq üçün nə tələb olunursa, edilməlidir”.

Şagirdlər arasında yayılmış xəstəliyə toxunan həkim bunun uşaqlar arasında sıx kontaktın olması ilə əlaqədar olduğunu deyib: “Uşaqlarda yoluxmanın səbəbi aralarında sıx kontaktın olmasıdır. Böyüklər tibbi maska istifadəsinə, gigiyena qaydalarına, sosial məsafənin gözlənilməsinə daha çox riayət edirlər. Uşaqlarda isə bu davranışları çox da müşahidə etmirik. Buna və eyni zamanda da saatlarla eyni otaqda bir çox uşaq toplandığına görə, nəticədə yoluxma hallarını daha çox görə bilirik”.

Təhsil ekpserti Elçin Əfəndi də AYNA-ya açıqlamasında bildirib ki, məktəblərdə davamiyyət aşağı düşüb: “Əvvəlki dövrlərlə müqayisədə indi demək olar ki, hər gün yoluxma sayında rekord nəticə ortaya çıxır. Məktəbləri müşahidə etdiyimizdə görürük ki, şagirdlərin böyük əksəriyyəti məktəbə getmir. Davamiyyət çox aşağı düşüb. Bu da birbaşa yoluxma sayındakı artımla bağlıdır. Həm də qış mövsümü olduğundan qrip də geniş yayılıb. Valideynlər də bundan narahatlıq duyurlar, övladlarını məktəbə aparmırlar”.

Həmsöhbətimiz hesab edir ki, hazırkı vəziyyəti nəzərə alaraq müəyyən müddətlik distant təhsilə keçid doğru addım olar: “Hazırda 4432 təhsil müəssisəsi fəaliyyət göstərir. Burada da təhsil verən və təhsil alanları hesabladığımızda, təxminən iki milyona yaxın bir rəqəm ortaya çıxır. Demək olar ki, hər ailədən ən azı bir nəfər təhsilə bağlı olan şəxs var. Onlar məktəbdə və ya ictimai nəqliyyatda virusa yoluxa bilər və həmin virusu daşıyaraq başqalarını da yoluxdura bilərlər”.

“Buna görə düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən, ən azından 2-3 həftəlik sırf təhsil müəssisələri üçün karantin qaydaları sərtləşdirilsə, qapanma olsa, müəyyən qədər gündəlik yoluxmanın sayını aşağı salmaq mümkün olar. Çünki istənilən halda faktiki yoluxma və xəstə sayı demək olar ki, hər gün artır. Bu templə davam edərsə, bir həftə, on gün sonra xəstəxanalarda boş çarpayı qalmaya bilər. Bu da istənilən halda qarşıdan gələn günlər üçün heç də xoşagələn vəziyyət vəd etmir”, - deyə ekspert vurğulayıb.

Əfəndi əlavə edib ki, vaxtında qabaqlayıcı tədbir görülməzsə, qarşıdakı günlərdə vəziyyətə nəzarətin itməsi istisna edilmir: “Hazırda müəllimlər, şagirdlər arasında kütləvi yoluxma var. Bu cür davam edərsə, o zaman vəziyyətə nəzarət əldən çıxa bilər. Nəzərə alsaq ki, fevral ayının 16-dan kollec və universitetlərdə də ikinci semestr üçün dərslər başlayacaq, bu da o deməkdir ki, təxminən 200-250 min nəfər tələbə də dərsə gedib-gəldiyi zaman yoluxma sayının artma riski daha da çoxalır. Düzdür, ölkədə vaksinasiya prosesi həyata keçirilir.

 Amma bildiyimiz kimi vaksinasiya yoluxmadan sığortalamır, sadəcə yoluxma zamanı xəstəliyi daha rahat keçirməyimizə kömək edir. Buna baxmayaraq, ölüm saylarında da artım müşahidə edirik. Buna görə düşünürəm ki, təhsil sahəsinə daha çox əhali bağlılığı olduğuna görə qapanmaya getmək zəruri olmalıdır. Distant təhsildən istifadə etmişik, bu istiqamətdə təcrübəmiz var. Buna görə iki-üç həftəlik distant təhsilə keçid elə də böyük sıxıntı yaradan deyil”.

P.S. Mövzu ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahla dəfələrlə əlaqə saxlamağa çalışsaq da, qurumun mətbuat xidmətimizdən zənglərimizə cavab verən olmadı.
0 0

Şərhlər

Oxşar xəbərlər