Bir dənə də qəzalı məktəb qalmayacaq
28-01-2022, 20:19
456

Bir dənə də qəzalı məktəb qalmayacaq

Artıq təhsil ocaqlarımız simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır
 
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində tikilmiş 292 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb. Binə qəsəbəsinin balaca sakinləri də unudulmayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kompleksdə 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib. Bağça ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydançası da salınıb. Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib. Onu da qeyd edək ki, elm və təhsil Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Fondun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.
 
Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksi kimi layihələrin icrası ilə Heydər Əliyev Fondu Prezident İlham Əliyevin konseptual təhsil strategiyasının həyata keçirilməsinə əsaslı töhfə verir.

Qeyd edək ki, Binə qəsəbəsinin Atçılıq və Təmənis yaşayış massivlərində indiyədək təhsil ocaqları olmadığından şagirdlər yaxın ərazilərdəki tədris müəssisələrində oxumaq məcburiyyətində idilər. Sakinlər bu ərazidə məktəb və uşaq bağçasının inşası ilə əlaqədar Heydər Əliyev Fonduna müraciətlər etmişdilər. Müraciətlər araşdırılıb, bu massivlərdə uşaqların və məktəblilərin təhsil ala biləcəyi məktəb və məktəbəqədər müəssisələrin olmadığı müəyyən edilib. Bu səbəbdən 2020-2021-ci illərdə Heydər Əliyev Fondun təşəbbüsü ilə Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi inşa olunub. Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Ərazi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, həmçinin istirahət parkı salınıb.
 
Təhsil kompleksinin önəmi ilə bağlı “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişiklikləri aparılır, bir çox dövlət proqramları və layihələr həyata keçirilir. Ekspert bildirib ki, son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında müasir məktəblər inşa edilir, yeni korpuslar tikilir:
 
“Məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Ümumiyyətlə, məktəb tikintisi son 20 ildən artıqdır ki, ölkədə prioritet olaraq qalmaqdadır. Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı nəticəsində, ümumilikdə, ölkə üzrə indiyədək. 1 milyondan çox şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılıb. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılıb. Dövlətimizin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Belə ki, fondun təhsil sahəsində gördüyü işlər sırasında reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu proses yalnız paytaxtı deyil, bölgələri də əhatə edib. Rəsmi rəqəmlərə istinadən deyə bilərəm ki, Azərbaycanda məktəb tikintisi son illərdə sürətlə aparılır. Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir”.
 
K.Əsədov qeyd edib ki, hazırda ölkəmizdə 4472 orta məktəb binası var və son 10 il ərzində onların 3 mindən çoxu təmir olunub. Amma buna baxmayaraq hazırda normal təhsil mühitinin və şəraitinin olmadığı, qəzalı vəziyyətdə olan məktəblər var:

“Misal üçün, 2017-2020-ci ildə ölkəmizdə 700-dən çox yeni məktəb tikilmiş, 44 məktəbdə əsaslı, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Amma bu məktəblərin hamısı regionlarda yerləşir və az saylı şagird tutumuna malikdir. Ona görə də böyük vəsait sərf edib yeni, böyük məktəb binası inşa etməkdənsə, modul tipli məktəblər inşa etməklə bu problemi həll etmək olar. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. Ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunur. Düşünürəm ki, 2022-ci ilin qədər ölkədə qəzalı vəziyyətdə olan məktəbləri modul tipli məktəblərlə əvəz etməklə təhsilin inkişafına təkan vermək olar.
 
Hazırda ölkədə yüzlərlə qəzalı vəziyyətdə, hər an ucub, dağılıb ciddi fəsadlar törədə biləcək məktəb binaları var. Ölkənin iqtisadi gücü bütün məktəb binalarını müasir standartlara cavab verəcək səviyyədə təmin etməyə imkan verir.
 
Aparılan islahatlar təhsilin bütün sahələrini əhatə etdiyi kimi, yeni məktəblərin tikintisinə, yeni avadanlıqla təchiz edilməsinə, qəzalı məktəblərin bərpasına və köhnələrin təmirinə də əsaslı şəkildə geniş imkanlar yaradıb. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin edib, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlayıb. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmayacaq. Binə qəsəbəsində salınan yeni məktəb binası olduqca böyük hadisədir. Binə qəsəbəsində şagird sıxlığı müşahidə olunurdu. Artıq bu problem də aradan qalxmış olacaq”.

0 0

Şərhlər

Oxşar xəbərlər