Regional mədəniyyət evlərini dükana, bazara, restorana çeviriblər - Nazir yoxlama qərarı verdi...
30-12-2021, 08:15
424

Regional mədəniyyət evlərini dükana, bazara, restorana çeviriblər - Nazir yoxlama qərarı verdi...

Bölgələrdəki mədəniyyət evlərinin fəaliyyətində ciddi nöqsanlar olduğu barədə hər zaman məlumatlar yayılıb.

Burada maliyyə yeyintisindən tutmuş digər neqativ hallara qədər bir çox məsələlərin olduğu haqda söz-söhbətlər mövcuddur. Uzun illər sanki mədəniyyət evləri unudulub. “Unudulub” deyəndə elə bilməyin ki, dövlət onlara pul ayırmayıb, ayırıb, sadəcə Mədəniyyət Nazirliyinin mədəniyyət evlərinin üstündə nəzarəti çox zəif olub. Mədəniyyət evlərinin müdirləri mədəniyyət evlərini istədikləri kimi idarə edib, yönəldib.

Mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda regional mədəniyyət evlərində yoxlamalar aparılır. Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini zəruri edir: “Bəzi mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var. Bu baxımdan mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə problemlərin öhdəsindən gələcəyik”.

“Bu mədəniyyət evləri dövlət büdcəsindən maliyyələşir və burada nöqsanlar kifayət qədərdir…”
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün bəyənmədiyimiz SSRİ dövründə bütün SSRİ məkanında, o cümlədən də Azərbaycanın hər yerində, şəhərlərlə yanaşı rayon mərkəzlərində, qəsəbələrdə, kəndlərdə, hətta kiçik dağ kəndlərində belə ya mədəniyyət evləri, ya da klublar fəaliyyət göstərirdi. A.X.Əbilovun sözlərinə görə, bunların təyinatı yalnız mədəniyyətin təbliğatı ilə bağlı deyildi, həm də ictimai-siyasi hadisələr zamanı insanların toplaşdığı bir məkan kimi qəbul edilirdi. 


“Üstəlik, mədəniyyət evlərində və klublarda kinofilmlər təqdim edilirdi, xalq teatrı, müxtəlif dərnəklər fəaliyyət göstərir, yaradıcılıq kursları təşkil edilirdi… Son 30 ildə Azərbaycanda mədəniyyət evləri, müxtəlif profilli mədəniyyət ocaqları inşa olundu. Sovetdən qalma klublar, mədəniyyət evləri, təsisatlar sanki unuduldu. Onların çoxunun binası ya dağıdıldı və yerində başqa binalar tikildi, ya da təyinatı dəyişdirildi, olanlar da təyinatı üzrə işləmir. Onların da faydalılıq baxımından əmsalı çox aşağıdır.

 Belə bir vaxtda əlbəttə ki, mədəniyyət nazirinin tənqidi fikirləri yerinə düşür. Amma çox təəssüflər olsun ki, indi də Mədəniyyət Nazirliyi strukturunda aparılan dəyişikliklər zamanı vəzifələrə təyin edilən şəxslərin seçimində yerlibazlığa yol verilir. Amma belə olmalı deyil, peşəkarlara yer verilməlidir.


Mədəniyyət evlərinin bir çoxunun öz profilinə uyğun fəaliyyət göstərməməsi ilə bağlı problem indi mövcud deyil ki, bu çoxdan belədir. 


Hesab edirəm ki, mədəniyyət evləri, klublar o prinspilə yoxlanacaqsa ki, orada işləyənlər çıxarılsın və onlar Mədəniyyət Nazirliyində işləyən məmurların qohumları, yaxınları ilə əvəzlənsin, yaxud Əbülfəs Qarayevin vaxtındakı kimi pulsilinmə əməliyyatları aparılsın, bu heç bir fayda verməyəcək. Belə olacaqsa, köhnələri dəyişməyin nə mənası var? Köhnələr heç olmasa yaxşı-pis müəyyən işləri qura biliblər. Bir az kəskin ictimai qınaq və ictimai nəzarət olmayan yerlərdə mədəniyyət evlərinin vəziyyəti bu cür xoşagəlməz şəkil alır.

 O cümlədən dövlət qurumlarının nəzarətsizliyi Azərbaycanda mədəniyyət sahəsinin bərbad vəziyyətə düşməsinə gətirib çıxarır. Siz mənə normal bir teatr, mədəniyyət evi, mədəniyyət ocağı göstərin ki, dövlətin dotasiyası olmadan hansısa bir iş görə bilsin. Bu mümkün deyil. 

Bu sahədə kifayət qədər böyük problemlər var və bu problemlərin həllini bir-iki günün üzərinə qoymaq olmaz. Mədəniyyət siyasəti ilə bağlı təmtəraqlı sözlər deyilir, ekspertlərin təmtaraqlı rəyləri var. Kreativ biznes, kreativ mədəniyyət elə gəldi, belə getdi deyirlər, mədəniyyətin populyarlaşması, mədəniyyətin biznesə çevrilməsi kimi məsələlərdən danışılır, Avropadan gəlmiş təsisatlar haqqında danışılır, amma reallığa gələndə biz heç də bunun Azərbaycan mədəniyyətinin inkişafına və insanların estetik zövqünün yüksəlməsinə təsir etdiyini görmürük. Bu nə vaxta qədər belə olacaq, bilmirəm. Bu mədəniyyət evləri dövlət büdcəsindən maliyyələşir və burada nöqsanlar kifayət qədərdir. 

Orada da “ölü canlar” az deyil. İndi nazir deyir ki, mədəniyyət evlərində yoxlamalar aparılacaq. Çox yaxşı. Təkcə mədəniyyət evləri ilə kifayətlənmək olmaz, mədəniyyət saraylarında, klub və kitabxanalarda da ciddi monitorinqlər  aparılmalıdır. Bu prosesdə mədəniyyət üzrə QHT-lər də, qəsəbə və kəndlərin üzdə olan adamları da yaxından iştirak etməlidir. QHT-lərdən ibarət komissiya yaradılmalıdır. 

Fikrimcə, bir çox mədəniyyət saraylarının, klubların birləşdirilməsi daha məntiqi olardı, işçilərin maaşlarını artırmaqla daha yüksək əmsallı, keyfiyyətli işə nail olmaq olar. Mədəniyyət sahəsində çox ciddi problemlər var və onların həlli istiqamətində işlər görülməlidir”- deyə A.X.Əbilov qeyd etdi.
0 0

Şərhlər

Oxşar xəbərlər