Ümumi / Müsabiqə
6-12-2024, 09:55
189
Bağça müəllimlərinin sertifikasiyasından sonra maaş artımı necə olacaq? - AÇIQLAMA
“2025-ci ildə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 17 minə yaxın təhsilverənin sertifikatlaşdırılmasının həyata keçiriləcəyi gözlənilir".
TehsilForumu.Az xəbər verr ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Elşən Qafarov bildirib.
“2022-ci ildən başlayaraq dövlət ümumi təhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırma prosesi davam edir. İndiyə qədər İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Rus dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma prosesi tamamilə başa çatıb. 2024-cü ildə isə riyaziyyat və xarici dil müəllimləri bu prosesə cəlb olundu, uğur qazana bilməyənlər isə növbəti il yenidən imtahana daxil olacaqlar. Ümumiyyətlə, sertifikatlaşma prosesində uyğun olmayan bir cədvəli - 30-50 bal toplayanların əməkhaqlarının 10%, 51-60 bal toplayanların isə maaşlarının 35% artırılmasını gördük. Təbii ki, bu ictimaiyyətdə normal qəbul olunmadı. İstər Milli Məclisdə deputatlar, istər təhsil mütəxəssisləri, istərsə də müəllimlər ötən müddət ərzində bu barədə öz iradlarını bildirdilər. Təbii ki, bu cədvəl də 2022-ci ilin avqust ayında Nazirlər Kabinetinin verdiyi qərara əsasən tənzimlənmişdi.
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma qaydaları isə 30 dekabr 2023-cü ildə Nazirlər Kabinetinin 488 nömrəli qərarı ilə təsdiq olunub. Gözləntilərə əsasən növbəti il dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 17 minə yaxın təhsilverənin sertifikatlaşdırılması həyata keçiriləcək. Bağçalardakı sertifikasiya ümumitəhsil müəssisələrindəki ilə eyni qaydada olacaq. Test imtahanı, eləcə də müsahibə mərhələsində 50%-dən yuxarı nəticə göstərənlər sertifikatlaşdırmadan keçərək, növbəti 5 ildə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışma hüququ əldə edəcəklər.
Burada əmək haqqı bölgüsünün necə aparılacağı isə sertifikatlaşdırma prosesindən sonra Nazirlər Kabinetinin verəcəyi qərardan asılıdır”,-deyə müsahibimiz qeyd edib.
Şərhlər