"Universitetlər regionlara köçürülməli, texnoparklar qurulmalıdır” - Rəylər
1-03-2023, 12:27
630

"Universitetlər regionlara köçürülməli, texnoparklar qurulmalıdır” - Rəylər

TehsilForumu.Az - Dünyanın bir çox inkişaf etmiş ölkələrində ali təhsil müəssisələri müxtəlif şəhərlərdə yerləşir. Burada əsas məqsəd bir şəhərə kütləvi axının və insan sıxlığının qarşısını almaqdır. Azərbaycanda isə demək olar ki, bütün universitetlər paytaxtda çəmləşib. Bu da ali təhsil almaq istəyən gənclərin paytaxtda toplanmasına səbəb olur. Nəticədə şəhərdəki sıxlıq daha da artır.
Ekspertlərin fikrincə, paytaxtda sıxlığın aradan qaldırılması üçün universitetlərin bəziləri Bakıətrafı ərazilərə və bölgələrə köçürülməlidir.Təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında deyib ki, Bakıda yerləşən ali məktəblərin paytaxtdan kənar əraziyə və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi illərdir müzakirə olunsa da, hələ ki bir nəticəyə gəlinməyib. Bu köçürmə bir neçə aspektdən ciddi işlənib hazırlanmalıdır:

“Tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Buraya Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və s. daxildir. Tələbələrin gündəlik olaraq ictimai nəqliyyat, yaxud şəxsi avtomobillərindən istifadə etməsi də sıxlığa səbəb olan amillərdəndir. Bu universitetlərin Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır. Bu köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər”.
Ekspertin dediyinə görə, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir:
“Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Məsələn, qardaş Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Əsas məsələ budur”.Elçin Əfəndi bildirib ki, işğaldan azad olunan ərazilərdə də universitetlər yaradılmalıdır.  

Bu, həm Qarabağ rayonlarının inkişafına təkan verər, həm də bu fürsətdən istifadə edərək təhsil və elm müəssisələrinin böyük şəhərlərdən kənara çıxarılmasına imkan yaradar:
“Qarabağda maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulan ali məktəb yaradılmalıdır. Ermənistan istisna olmaqla xarici ölkə vətəndaşlarının universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağla bağlı təbliğat aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən, xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu, həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağ Universitetinin təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisəsi dünya universitetləri ilə rəqabət aparacaq səviyyəyə çata bilər".Təhsil eksperti Nadir İsrafilov isə qeyd edib ki, ali məktəblər regionlara köçürülərsə, böyük ərazilərdə texnoparklar yaradılar və bu zaman tələbələr universitetləri bitirməzdən öncə təcrübə qazanmış olarlar:

"Məsələn, Azərbaycan Tibb Universitetinin tələbələrinin təcrübə toplayacağı, tədqiqatlar aparacağı bütün infrastruktur, müvafiq xəstəxanalar, laboratoriyalar Bakıda yerləşir. Buna görə də onun paytaxtdan kənara köçürülməsi qeyri-realdır. Amma təcrübi obyektləri olmayan, yaxud obyektlərinin daşınması mümkün olan universitetləri kənara köçürmək olar”.

N.İsrafilovun dediyinə görə, xaricdə kampuslar qurulur, tələbələrə hər bir şərait yaradılır ki, onlar vaxt itkisi ilə üzləşməsinlər, zamanlarının böyük hissəsini tədqiqatlarına ayırsınlar:
“Xarici universitetlərdə təhsillə yanaşı kampuslarda tələbələrin əyləncəsi üçün də xeyli imkanlar yaradılır. Azərbaycanda da bunu etmək mümkündür. Düşünürəm ki, bu məsələnin müntəzəm olaraq gündəmə gətirilməsi bəlkə də problemin həllinə təkan ola bilər”.
Ekspert vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə iri kampuslu universitetlər yaradılmalıdır:
“Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar. Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində pedaqoji kadrlar, inşaat mühəndisləri yetişdirəcək çoxsahəli bir universitet yaradılmalıdır. Bu zaman həmin ərazilərdə məskunlaşacaq insanların ali təhsil almaq üçün Bakıya üz tutmasına ehtiyac qalmayacaq”.
Millət vəkili Etibar Əliyev hesab edir ki, böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir.:
"Amma bizdə əksinədir, universitetlərin çoxu şəhərin mərkəzinə toplaşıb. Bunlar yavaş-yavaş şəhər kənarına çıxarılmalıdır ki, paytaxtdakı sıxlıq aradan qalxsın".

Millət vəkili qeyd edib ki, bir sıra konkret universitetlər var ki, onların bölgələrə köçürülməsi mümkündür:
"Məsələn, Neft və Səneye, Pedoqoji, Texnoloji universitetləri köçürmək olar. Texniki təhsil üçün çox böyük kampus lazımdır. Kiçik bir ərazidə tədrisin elmi-nəzəri, praktiki tərəfini qurmaq qeyri-mümkün Bu mənada universitetlər daha effektiv olur. Bütün bunlar ciddi şəkildə nəzərdən keçirilməlidir. Dünyanın bir çox ölkələrində universitetlərin böyük əksəriyyəti kampuslara malik olmaq üçün şəhərdən kənar ərazilərdə yerləşir. Yəni universitetlər kampussuz mümkün deyil. Bu mütləq şəkildə olmalıdır. Ali təhsil müəssisələrinin reytinqinin əsas göstəricilərindən biri də kampusun olmasıdır. Müasir informasiya texnologiyalarına, yüksək tələblərə cavab verən avadanlıqlara malik olmayan universitet müəyyən bir müddətdən sonra zamanla ayaqlaşa bilməyərək öz funksiyasını yerinə yetirə bilməyəcək.Tədris olunan dərslərin effektivliyini artırmaq üçün müasir texnologiyaların olduğu sinif otaqlarının, laboratoriyaların, müasir və zəngin kitabxananın, bir çox sosial təsisatların olması zəruridir. Hətta yerləşdiyi ərazinin mənzərəsi belə təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Kampuslar yaradılarkən yalnız xarici görünüşün gözəl olması nəzərdə tutulmamalıdır. Bu şəhərçiklər elə qurulmalıdır ki, orada elmlə məşğul olmaq istəyənlər üçün hər cür şərait olsun. Kampus yoxluğu tələbələrin informasiya texnologiyalarından mobil şəkildə istifadəsinin, gənclərin kitabxanalara cəlb edilməsinin qarşısını alır. Bu gün dünyanın aparıcı universitetlərinin çox yaxşı kitabxana fondları var. Bizim tələbələr isə çox təəssüf ki, hər hansı materialı əldə etmək üçün kampusun yoxluğu ucbatından uzun məsafə qət edərək bu və ya digər kitabxanaya gedirlər".
Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi Bakıya qeyri-təbii axının olması, regionların boşalması və bunun yaratdığı problemlər, eləcə də prosesin qarşısının alınması ilə bağlı təkliflərlə çıxış edib.
0 0

Şərhlər

Oxşar xəbərlər