“Sabahın alimləri” XI respublika müsabiqəsi yekunlaşıb
25-02-2022, 11:08
360

“Sabahın alimləri” XI respublika müsabiqəsi yekunlaşıb

“Sabahın alimləri” XI respublika müsabiqəsi yekunlaşıb.

 

TehsilForumu.Az xəbər verir ki, müsabiqənin onlayn bağlanış mərasimində iştirak edən təhsil naziri Emin Əmrullayev təhsil sistemində mövcud müasir metodlardan danışıb. Şagirdlər arasında elmi axtarışlara marağı olan “gənc alimlər”in gələcəkdə də işlərini müvəffəqiyyətlə davam etdirmələrini tövsiyə edən Emin Əmrullayev qalib şagirdləri təbrik edib və onlara uğurlar arzulayıb. Nazir, həmçinin layihələrin işlənməsində şagirdlərə dəstək olan alimlərə və layihələrin qiymətləndirilməsində iştirak edən münsiflər heyətinə təşəkkür edib.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva da təbrik nitqi ilə çıxış ediblər.

 

Bildirilib ki, cari ildə IX-XI siniflərdə təhsil alan 326 şagird 192 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 58-i fərdi, 134-ü isə kollektiv işlənilmiş layihələr olub. Müsabiqəyə buraxılan layihələrlə Bakı şəhəri üzrə 48 faiz, Sumqayıt şəhəri üzrə 27 faiz, Şirvan rayonu üzrə 7 faiz, həmçinin Naxçıvan Muxtar Respublikası və 14 rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

 

Şagirdlər müsabiqəyə riyaziyyat üzrə 21, fizika, astronomiya üzrə 22, kimya üzrə 21, biologiya üzrə 22, tibb və sağlamlıq üzrə 26, ekologiya, ətraf mühitin idarəolunması üzrə 31, kompüter elmləri üzrə 15, mühəndislik üzrə 34 layihə ilə qatılıblar.

 

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət münsiflər heyəti təşkil edilib. Münsiflər heyətinin qərarına əsasən, müxtəlif kateqoriyalara aid I, II və III yerlərə 48 layihə üzrə 84 şagird, o cümlədən I yerə 7 layihə üzrə 12 şagird, II yerə 16 layihə üzrə 30 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb.

 

Qaliblər sırasından ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində respublikamızı təmsil etmək üçün isə 7 layihə (12 şagird) seçilib. Cari ildə ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin mayın 8-13-də ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilməsi nəzərdə tutulub.

 

"Sabahın alimləri” XI respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 10 layihəyə (12 şagirdə) təqdim olunub.

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
0 0

Şərhlər

Oxşar xəbərlər