Direktor olmaq üçün 8 min manat verən müəllim aldadıldı...
17-10-2023, 21:03
2 117

Direktor olmaq üçün 8 min manat verən müəllim aldadıldı...

Sumqayıtda yerləşən musiqi məktəbinin vakant olan direktor vəzifəsinə təyin olunmaq istəyən həmin məktəbin müəllimi Musa Məmmədov (ad-soyad şərtidir) dələduzluqla üzləşib.

TehsilForumu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, eyni zamanda Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi (qiyabi) olan şəxs qrup yoldaşı olan 1979-cu il təvəllüdlü Nəsimi Zeynalov tərəfindən aldadılıb. Belə ki, Nəsimi Musanın niyyətindən xəbərdar olandan sonra ona yüksək vəzifədə çalışan qohumunun olduğunu bildirib. O, Musaya 8 min manat müqabilində vakant vəzifəyə təyin etdirəcəyinə söz verib və həmin pulu alıb. Lakin bir müddət sonra Nəsiminin dələduzluq etməsi üzə çıxıb.

Hadisə Gəncədə baş verdiyindən Musanın şikayəti ilə Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. İş daha sonra baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə Nəsimi Musadan aldığı pulların hamısını artıq qaytardığını və barışdıqlarını bildirib.

Məhkəmənin 13 oktyabr tarixli hökmü ilə Nəsimi Zeynalova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib və üzərinə bir sıra inzibati vəzifələr qoyulub.
0 1

Şərhlər

Oxşar xəbərlər