DİM imtahanının nəticələri açıqlandı
14-02-2022, 16:59
464

DİM imtahanının nəticələri açıqlandı

İnzibati vəzifələrin B növünə aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün fevralın 13-də keçirilən test imtahanının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən TehsilForumu.Az-a bildirilib ki, imtahanın nəticələri bu gün saat 15:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 1650 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 26 nəfər, BA4 altqrupu üzrə 54 nəfər, BB1 altqrupu üzrə 37 nəfər, BB2 altqrupu üzrə 70 nəfər, BB3 altqrupu üzrə 135 nəfər, BB4 altqrupu üzrə 184 nəfər olmaqla, ümumilikdə 525 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur. Namizəd sertifikatı əldə etmək üçün fevralın 15-dən 28-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Onun təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd edilən sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs burada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası fevralını 15-17-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299.
0 0

Şərhlər

Oxşar xəbərlər