DİM: Bu imtahanın nəticələri elan olunub
19-12-2021, 22:21
313

DİM: Bu imtahanın nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

TehsilFirumu.Az  xəbər verir ki, imtahan nəticələri bu gün saat 19:10-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.  

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1903 namizəddən 32 nəfər imtahana gəlməyib. 1 nəfər mobil telefon, 1 nəfər isə köməkçi vəsaitdən (konspekt) istifadəyə cəhd etdiyinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 14 nəfər, BA2 altqrupu üzrə 20 nəfər, BA3 altqrupu üzrə 32 nəfər, BA4 altqrupu üzrə 91 nəfər, BB1 altqrupu üzrə 121 nəfər, BB2 altqrupu üzrə 138 nəfər, BB3 altqrupu üzrə 201 nəfər, BB4 altqrupu üzrə 253 nəfər olmaqla, ümumilikdə 870 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 20-dən yanvarın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 20-22 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299.
0 0

Şərhlər

Oxşar xəbərlər