Mayın 29-da 15 minə yaxın bakalavr magistraturaya qəbul imtahanı verəcək
26-05-2022, 15:01
303

Mayın 29-da 15 minə yaxın bakalavr magistraturaya qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.

 

DİM-dən  bildirilib ki, imtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunacaq.

 

Hazırda imtahanın idarə olunmasına cəlb edilən əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir.

 

İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.

 

Bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

 

Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə mayın 10 dan 17-dək aparılıb. İmtahanda iştirak üçün 14843 bakalavr ərizə təqdim edib. Onlardan 13796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
0 0

Şərhlər

Oxşar xəbərlər