İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli abituriyent iştirak edib
4-04-2022, 07:37
285

İmtahanlarda 48 nəfər fiziki məhdudiyyətli abituriyent iştirak edib

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün keçirdiyi imtahanlarda 48 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib.


Bu barədə TehsilForumu.Az-a DİM-dən məlumat verilib. Bildirib ki, həmin abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

 Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanlarda ümumilikdə 26087 nəfərin iştirakı nəzərdə tutulurdu.


Xatırladaq ki, bu gün DİM tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı keçirilib.


 Həmçinin bu gün mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları buraxılış imtahanı veriblər.


İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil olunub.
İmtahanların idarə olunmasına 109 ümumi imtahan rəhbəri, 318 imtahan rəhbəri, 2498 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı və 109 bina nümayəndəsi ayrılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər