“AMEA prezidentləri  rəhbəri olduğum institutun qapısını belə açmayıblar”-Misir Mərdanov
10-05-2022, 15:06
402

“AMEA prezidentləri rəhbəri olduğum institutun qapısını belə açmayıblar”-Misir Mərdanov

“Kabinetdə oturmaqla iş görmək olmaz, bu, düzgün deyil. Akademiyanın prezidenti fəal adam olmaldır”.

 

Bu sözləri açıqlamasında sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru, professor Misir Mərdanav deyib.

 

O, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olacaq şəxsin hansı özəlliklərə sahib olmasına aydınlıq gətirib:

 

“Elə insan AMEA prezidenti olmalıdır ki, o, akademiyanın nüfuzunu bərpa etsin. Həmçinin, seçiləcək şəxs çalışqan, savadlı, bilikli, Azərbaycan elmini dünyada, beynəlxalq aləmdə təmsil edə bilməli və şəxsləri ətrafına toplama potensialına malik olmalıdır. Eyni zamanda, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanın tanınmış alimləri çalışır, onlarla sıx əlaqə yaratmaq, ölkəmizə dəvət etmək vacibdir. Burada əsas məsələ akademiya prezidentinin üzərinə düşür. AMEA rəhbəri alimlərin xarici ölkələrdə hansı elmi araşdırmalarla məşğul olduğunu öyrənib, dəqiqləşdirməlidir.

 

Prezident olacaq şəxs çox vaxt AMEA-nın müxtəlif institutlarında alimlərin məruzələrini dinləməlidir”.

 

Misir Mərdanov qeyd edir ki, sabiq AMEA prezidenti 10 ildir ki, onun rəhbəri olduğu instituta baş çəkmədi

 

“Azərbaycan elminin nüfuzunu bərpa etmək olar. Keçmiş zamanda mövcud olan mənfi halların qarşısı alınmalıdır. İşçilərlə dil tapan insan rəhbər seçilməlidir. O, tez-tez institutlarda olmalı, alimlərin elmi seminarları, müdafiələrində iştirak etməlidir. Kabinetdə oturmaqla iş görmək olmaz, bu, düzgün deyil. Akademiyanın prezidenti fəal adam olmaldır. Məsələn, 10 ilə yaxındır ki, AMEA-da çalışıram, lakin bir dəfə də olsun akademiya prezidenti bu institutun qapısını açmayıb, heç digər institutları da ziyarət etməyib. Özləri hansısa yolla, ürəkləri istədikləri institutlara gediblər. Belə şəxs  AMEA-da prezident ola bilməz”.

Direktor AMEA ilə Təhsil Nazirliyinin birləşdirilməsi fikrinə münasibət bildirib:

 

“AMEA uzun illərdir ki, ölkəmizdə fəaliyyət göstərir, onu dağıdaraq hansısa quruma birləşdirmək asandır, lakin burada keyfiyyət göstəricisi əldə etmək çətin olacaq. Hazırki dövrdə AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsinin və ya ləğv olunmasının tərəfdarı deyiləm. Belə hesab edirəm ki, akademiyada bu gün kifayət qədər sanballı, nüfuzlu alimlərimiz var. O alimlərin əməyini stimullaşdıraraq onlar üçün yaxşı şərait yaradılsa, AMEA-nın nüfuzunu bərpa etmək olar. Bu yolla AMEA-nı Azərbaycan xalqı və dövlətinə olan xidmətini bərpa etmək mümkündür”.
0 0

Şərhlər

Oxşar xəbərlər