
Ümumi / Esse
20-01-2025, 10:30
164
Həyatı qəhrəmanlıq dastanına çevrilən şəhid məktəblilərimiz...
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Vətənin qorxmaz, cəsarətli övladları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Bu tarix xalqımızın yaddaşında hüzn və şərəf günü kimi əbədi həkk olundu. Həmin gecə arzuları yarımçıq qalmış şəhid məktəblilərimizin də həyatı qəhrəmanlıq dastanına çevrildi...
Şəhid Larisa Məmmədovanın təhsil aldığı 132-134 nömrəli təhsil kompleksindəyəm...

“Mən, Larisa bu yaşımda ölümün nə olduğunu bilmirdim. Axı məni evdə anam gözləyirdi”.

“Mən, İlqar İbrahimov, həmin gecə dostum Zakir ilə birlikdə odun yığırdım. Nə biləydim ki, bu körpə əllərimlə yığdığım odunlar ünvanına çatmayacaq. Narahat deyiləm. Çünki mən ən müqəddəs adı qazandım”.
“Mən, Svetlana Məmmədova, səhər işə gedərkən ölüm haqqında düşünmürdüm. Biz alimlərin ürəyi yeni kəşflər, ixtiralar üçün çırpınırdı. Mən Azərbaycanda kimya üzrə ilk qadın alim, 100-dən çox elmi əsərlər, 40-dan çox ixtiranın müəllifi, ən əsası bir qız övladı anası. Hələ mənim çox arzularım var idi”.

“Mən, Ülvi Bünyadzadə, Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi idim. Yaxşı tərcümələr edir, şeirlər yazırdım. Təəssüf ki, mən də xalqıma edilən haqsızlığın qurbanı oldum”.
Larisa obrazını canlandıran 7-ci sinif şagirdi Xumar Hacıyevadır. O deyir ki, bu obrazı canlandırmağı özü istəyib. Larisanın oxuduğu məktəbdə təhsil almaq onu qürurlandırır: “Onun kimi vətənpərvər, xalqını, millətini sevən biri olmaq mənim əsas hədəfimdir. Larisanın həyatdakı rolunu səhnədə oynamaq belə məni həyəcanlandırır və həmçinin məndə məsuliyyət hissi yaradır”.

“Larisa bir şagird kimi də
nümunəvi olub”
Larisanın bacısı Nərminə Nəsirova
bu məktəbin ibtidai sinif müəllimidir. O, bacısını xatırlamasa da, onun şücaəti ilə qürur duyur. Larisa ən ali mənsəbə - şəhidlik zirvəsinə ucalanda o, 4 aylıq körpə olub. Danışarkən gözləri dolan N.Nəsirova deyir ki, mən evin sonbeşiyi, o isə ilki idi: “Anam həmişə deyir ki, o mənim qayğıma çox qalırdı. Bu hadisə anam üçün böyük itki olub. Biz onu təkcə 20 yanvarda yad etmirik, başqa günlərdə də ziyarət edirik. Onu tanıyanlar mənə deyirlər ki, Larisa çox sakit, tərbiyəli, mülayim uşaq olub. Atam Fərman Məmmədov 2 saylı avtobazada kortej rəisi işləyirdi. Həmin gün Larisa da atamla birlikdə işə gedib. Əsgərlər atamla Larisanın oturduqları avtobusu gülləbaran etmişdilər. Atam ayağından, bacım isə ürək nahiyəsindən güllə yarası almışdı. Atamı xilas etmək mümkün olmuşdu, lakin bacım yerindəcə həlak olmuşdu. Larisa bir şagird kimi də nümunəvi olub. Dərslərini yaxşı oxumaqla yanaşı, toxuculuq, tikiş dərnəklərinə gedib. Pianoda ifa etməyi bacarır, eyni zamanda gözəl rəsmlər çəkirdi. Həmçinin mən də, mənim övladlarım da rəsm çəkə bilir. Düşünürəm ki, onun istedadı bizə də ötürülüb”.
“O zaman atılan güllələrdən
biri də İlqara dəyir”
Larisanın oxuduğu məktəbdən ayrıldıqdan sonra İlqar İbrahimovun oxuduğu 167 nömrəli məktəbə üz tuturam. Məktəbin içərisinə daxil olan kimi dəhlizdə İlqarın rəsmlərindən ibarət, eyni zamanda qanlı və şərəfli tarixə aid müxtəlif portret, rəsmlər olan stendlərə, divardakı İlqarın şəkli əks olunan portretə diqqətlə baxıram. Mənimlə həmsöhbət olan məktəbin məktəbənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Rəna Yarəhmədova deyir ki, həmin portreti məktəbin şagirdləri muncuqdan hazırlayıblar: “Bu təhsil müəssisəsinin rəhbərliyi, kollektivi və təbii ki, şagirdlərinin təşəbbüsü ilə məktəb İlqar İbrahimovun adını daşıyır. İlqarın bacısı Səbinə əvvəllər bu məktəbdə müəllim işləyib. Onun oğlanları İlqar və Hüseyn də burada təhsil alıblar. İlqarın adını daşıyan bacısı oğlu artıq məktəbi bitirib, Hüseyn isə hələ də davam edir”.

Təkcə Larisa, İlqar deyil, digər şagirdlərimiz Veranı, Nərimanı da xalq heç vaxt unutmayacaq. Belə ki, həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Qədirbilən xalqımız Vətən yolunda canından keçən qəhrəmanlarını unutmur, onların xatirəsini daim yaşadır.
Şərhlər