Ədəbiyyat dərsində
1-12-2021, 07:59
747

Ədəbiyyat dərsində

Zəng vurulmuşdu. Sinifdə sakitcə oturub, müəllimimizin içəri girməsini gözləyirdik. Birdən qapı açıldı, hündürboylu, başında şlyapa, yaraşıqlı, gülərüz eyni zamanda tələbkar olan ədəbiyyat müəllimimiz Səfər müəllim içəri girdi. “ salam, uşaqlar, oturun”,- deyib öz stulunu çəkib əyləşdi. Jurnalı açıb yazmağa başladı. Sonra “ sinif nümayəndəsi ayağa dursun, – dedi. Hamı gəlib?” Mən ayağa qalxıb , “bəli, Səfər müəllim, hamı dərsdədir”,- deyib əyləşdim.

 O ayağa durub, “ qulaq asın, uşaqlar”,- deyib sözə başladı. Bugünkü dərsimiz vətən uğrunda döyüşənlər, vuruşanlar, əziyyət çəkənlər haqqqında olacaq. Öyrənək görək “ vətəni qorumaq lazımdır” məfhumu nə deməkdir, bunun mahiyyəti nədən ibarətdir.

 Xalqımızın ən qədim mədəniyyət, elm abidələrindən biri olan “ Kitabi Dədə Qorqud” əsərində el ağsaqqalı olan Dədə Qorqud belə bir kəlam işlədir. “Torpağı əkib becərmirsənsə, onu qorumağa dəyməz, yox əgər onu qoruya bilmirsənsə, onu əkib becərməyə dəyməz”. Bəli, bu belədir. Torpağın daşı da, qayası da, torpağın münbit qatı da onun üzərində yetişən min cür naz-neməti də bizim olmalıdır. Biz yol verməməliyik ki, hər hansısa bir yadelli bu cür gülüstana ayaq bassın.

 Bizim qəlbimizdə vətən eşqi, vətən sevgisi o qədər güclü olmalıdır ki, düşmənlərimiz bunu bizim gözlərimizdən oxuya bilsin və hər dəfə gözlərimizə baxdıqca görsün ki, orada yazilib: yaxın gəlmə! Xain düşmən, səni məhv etməyə mənim qəlbimin aynası olan gözlərimizdən saçan qığılcım şüaları kifayətdir! Bəs bunun üçün biz nə etməliyik, bu keyfiyyətlərə necə nail olmalıyıq? Əlbəttə, vətəni qorumaq üçün birinci növbədə onu sevmək lazımdır. Vətəni sevmək! Vətəni qorumaq üçün analoqu olmayan bir silahdır. Bu silah bizim dilimizdə yox, qəlbimizdə olmalıdır. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin vətən haqqında şeirindən bir bənd desək lap yerinə düşər. 

                  Vətəni sevirəm deyən çox olar,
                  Deməyə nə var ki, dil yorulmasa.
                  Vətən də bizimtək ölər, yox olar
                  Vətənin yolunda ölən olmasa.

Şeiri deyərkən Səfər müəllimin səsində bir qırıqlıq var idi. O kövrəlmişdi, üzünü yana çevirib, pəncərəyə tərəf gedib cibindən dəsmalını çıxarıb, gözlərinə yaxınlaşdırdı. Üzü bizə tərəf olmadığından onun gözlərindən axan damlaları görə bilmirdik. Lakin hamıya məlum idi ki, Səfər müəllim ağlayırdı və bu hadisə bizi məyus etmişdi, çünki bizdə müəllim haqqında belə bir fikir formalaşmışdı ki, müəllim əyilməzdir, müəllim məğlubedilməzdir, müəllim hər bir sirri açandır, lakin bu nəzəriyyə bir anın içində, yəni beynimizdə həkk olunmuş müəllim fenomenini iflasa uğratmışdı.


 Birdən Səfər müəllim dönüb bizə tərəf gəldi. Sanki bizim bu anlaşılmazlıqlar məngənəsində qaldığımızı gözlərimizdən çox asanlıqla oxuyurdu. Qulaq asın, uşaqlar! Bu sözlər hamımızı yuxudan ayıldan kimi oldu. Gözlərimizin önündə yenə əvvəlki, məğlubedilməz Səfər müəllimin dayandığını gördük. Səfər müəllim yenidən sözə başladı. Şeir məni uzaqlara, müharibə illərinə apardı. O vaxtlar mən çox gənc idim, orta məktəbi yenicə qurtarmışdım. 

Hərbi komissarlığa ərizə verib könüllü olaraq cəbhəyə yollandım. Qısa bir müddət təlim keçdikdən sonra ön cəbhəyə yollandıq. Düşmən hər tərəfi almışdı, üstəlik yemək və paltar çatışmırdı. Buna baxmayaraq, biz ruhdan düşməməmişdik. Nə aclıq, nə də soyuq bizi qorxutmurdu.Hamımız qələbə əhval- ruhiyyəsində idik. Çünki qəlbimizdəki vətən sevgisi çox güclü idi. Hər iki tərəf sakit dayanmışdı, heç kim güllə atmırdı. Mən kəşfiyyat dəstəsində idim. Komandirimiz bizi yanına çağırıb dedi ki, düşmən çox güclüdür, bunun üçün də onların haqqında bizə məlumat lazımdır. Əsas qüvvələrinin nədən ibarət olduğunu və hansı istiqamətdə yerləşdiyini bilmək lazımdır. Lakin bu çox çətin işdir, hər şey ola bilər. Əsgərlərdən birinci olaraq Savalan ayağa durub, irəli çıxdı. 

“Mən gedərəm, -dedi. Savalan çox igid və mərd oğlan idi, onunla cəbhədə tanış olmuşduq və bu münasibət dostluğa çevrilmişdi. Bütün əməliyyatlara birgə gedərdik. Bu dəfə də belə oldu. Mən, Savalan və iki nəfər əsgər. Hər tərəf qarla örtüldüyündən bizim də paltarımız ağ idi, bu, qismən də olsa bizə kömək edirdi. Biz düşmənlərdən arxa tərəfə keçmişdik, lakin onların yerləşdiyi yer hər tərəfdən işıqlandırılmışdı. Bunun üçün də biz onlara çox yaxınlaşa bilmirdik. Elə bu vaxt arxa tərəfdən bir maşının gəldiyini gördük. Savalan kürkünün altından düşmənlərin qoyduqları papağı çıxardıb başına qoydu və dedi ki, “maşın dərədən düzə çıxmamış məsələni həll etməliyik. Mən onların başını qatacağam, siz də arxadan maşına yaxınlaşarsınız”.O özünü yumalayıb yola saldı. O, yerə yıxıla-yıxıla maşına yaxınlaşırdı, özünü yaralı kimi göstərirdi. Onlar Savalanı özlərininki hesab edib və yaralı olduğunu görüb tez maşından düşüb Savalana tərəf getdilər. 

Savalan bir dəfə də yıxılıb qəsdən yolun alt tərəfindəki çökəkliyə yumalandı. İki nəfər düşmən əsgəri ona kömək etmək üçün Savalanın yumalandığı çökəkliyə endilər. Biz bu fürsətdən istifadə edib maşına yaxınlaşdıq. Maşında bir sürücü və arxa tərəfdə bir zabit oturmuşdu. Mən cəld hərəkətlə silahımı sürücünün boynuna toxundurub onların dilində “tərpənmə”, -dedim. Elə bu anda da yoldaşlarım arxa tərəfdə oturan düşməni tərki-silah etdilər. Mən sürücünü düşürərkən mənə müqavimət göstərdi. Biz əlbəyaxa olduq. Onunla bir az güləşdikdən sonra uzunboğaz çəkməsinin altından döyüş bıçağını çıxarıb mənə tərfə endirdi. Bu zaman Savalan onun əlini arxadan tutub burdu və bıçağı onun əli ilə öz sinəsinə sancdı. Savalanın iki düşmənlə necə bacarması məni təəccübləndirmədi, çünki o, iki nəfərlə döyüşməyi çox asan bacarırdı. Savalan əlimdən tutub məni qaldırdı. “Tələsmək lazımdır”,- deyib maşını itələyib yolun alt tərəfindəki çökəkliyə yumalandı. Biz yoldan yenicə aralanmışdıq ki, arxadan düşmən maşınları görünməyə başladı. Onlar bizi görmüşdülər. Düşmən əsgərləri bizə tərəf gəlirdilər və bizə çox yaxınlaşmışdılar. 

 O bizə “siz gedin, mən onları dayandıraram”,-dedi. Mən onunla razılaşmadım və ona “səni tək buraxa bilmərəm, səninlə qalacağam”,-dedim. “Əmrə tabe olmalısan. Komandanlığın tapşırığını yerinə yetirməlisən. Yüzlərlə, hətta minlərlə insanın taleyi bu tapşırıqdan aslıdır və sən məndən daha çox lazımlısan, axı sən müəllim olacaqsan, neçə-neçə Savalanlar yetişdirəcəksən. Tələsin!”,-deyib düşmənə tərəf getdi. 
 
Əsir aldığımız düşmən zabitindən onların bütün sirlərini öyrəndik və asanlıqla həmin ərazini düşmənlərdən azad etdik. Döyüş başa çatdıqdan sonra Savalanın “Qarabağ ordeni” ilə təltif edilməsi haqqında qərarı komandir oxudu. Onun xatirəsini əziz tutaraq yaylım atəşi açıldı. 
 Elə bu vaxt zəng çalındı, Səfər müəllim jurnalı götürüb ağır addımlarla sinifdən çıxdı. Lakin biz hələ də yerimizdən qalxmamışdıq!                        

Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin 11-ci sinif şagirdi Həsənova Nuranə 
 
0 0

Şərhlər

Oxşar xəbərlər