Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri...
13-12-2021, 15:27
313

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri...

Son illər övladının rus dilində təhsil almasını istəyən valideynlərin sayı sürətlə artır. Statistikaya görə, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb.
 
Qeyd edək ki, 2019-cu ildən etibarən rus bölməsində oxumaq istəyən uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirməsinə başlanılıb. Azərbaycan bölməsindən fərqli olaraq, orta məktəblərin rus bölməsini seçən şagirdlər müsahibədən keçməlidirlər. 

Müsahibədə uşaqlar dinlədiyini anlamaq, ünsiyyət qurmaq, öz fikrini sadə formada ifadə etmək, özü və ailəsi haqqında qısa məlumat vermək bacarığını nümayiş etdirməlidir. Yalnız bu mərhələdə məqbul qiymət aldıqdan sonra uşaq rus bölməsində təhsil almaq haqqı qazanır. Rus bölməsinə qəbulun çətinləşdirilməsi belə valideynlərin övladlarını bu bölmədə təhsil almaq istəyini azaltmır.
 
Bəs görəsən, valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus dilində oxutmaq arzusu nədən qaynaqlanır? Xarici dildə təhsilin nə kimi üstünlükləri var?
 
Bunu müəyyən etmək üçün valideynlər arasında sorğu keçirdik. Sorğuda iştirak edən respondentlərin əksər hissəsi övladlarını rus bölməsində oxutmalarına səbəb kimi həm özəl, həm dövlət müəssisələrində işə qəbul zamanı rus dilinə üstünlük verilməsi arqumentini əsas gətirdilər. Valideynlər hesab edir ki, ölkədə rəsmi dövlət dili Azərbaycan dili olsa da, işə qəbul zamanı rus dilli namizədlərə üstünlük verilir və onlar normal iş tapmaqda çətinlik çəkmirlər. Valideynlərin bir qismi isə rus dilində dərs vəsaitinin və ədəbiyyatın çox olmasını, övladlarının bütün lazımı məlumatları bu dildə rahatlıqla tapdqlarını bildirdilər.
 
Valideyn Türkan Namazova bildirib ki, ölkədə rus dilinə tələbat çox yüksəkdir. Bu illər öncə də belə idi, hazırda da belə davam edir: “İşə qəbul üçün CV verən zaman xarici dil kimi öncə rus dili qeyd olunur. Bəzi iş yerlərində, əsasən də bank və maliyyə sahəsində Azərbaycan dili ilə yanaşı rus dili əsas dil kimi götürülür. Belə olan halda rus dilini bilən namizədlərə üstünlük verilir. Mən də övladımın gələcəkdə, ali təhsil aldıqdan sonra rahatlıqla iş tapması üçün onun rus bölməsində təhsil almasını istədim”.
Digər valideyn Ədalət Qasımov deyir ki, hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər yaxşıdır. Bu onun üçün üstünlükdür. Xüsusən də rus və ingilis dili: “Rus bölməsi üzrə təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı daha çoxdur. Çünki Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsinin abituriyentləri üçün keçid balları nisbətən aşağı olur. Ən önəmlisi isə rus dilində dərs vəsaitləri, ədəbiyyat kifayət qədərdir. Həm şagird, həm də tələbənin rus dilində internet vasitəsilə istənilən məlumatı rahatlıqla əldə etmək imkanı daha genişdir. Valideynlər də bu məntiqlə övladlarını daha çox rus bölmələrinə yönləndirirlər”.
 
Valideyn Könül Məmmədovanın dediyinə görə, rus bölməsində oxuyan uşaqlar daha aktiv və sərbəst, ünsiyyətcil, həm də dünyagörüşlü olurlar. Onlar fikir və düşüncələrini daha rahat şəkildə ifadə edə bilirlər:

Mənim böyük övladım Azərbaycan bölməsində, kiçik isə rus bölməsində təhsil alır. Hər ikisi əlaçı və eyni mühitdə böyüsə də bir-birlərindən dünyagörüşü baxımından çox fərqlənirlər. Böyük övladım çox çəkingən və utancaqdır.

Elə də ünsiyyətcil deyil və komplekslidir. Ancaq kiçik isə əksinə, fikirlərini sərbəst ifadə etməyi bacarır, sərbəstdir, yeniliklləri xoşlayır və ona can atır. Heç bir kompleksi yoxdur. Çəkinmədən öz haqqını tələb edir”.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir və burada 90 min şagird təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.
0 0

Şərhlər

Oxşar xəbərlər