"Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb"
8-12-2021, 15:12
460

"Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb"

Rüfət Hacıyev: “Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb, hər zaman xalqın, Vətənin təəssübünü çəkib, maraqlarını qoruyub”.

TehsilForumu.Az - Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitusiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub. Həmçinin ulu öndərin qərarı ilə Azərbaycan milli bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi elan edilib. Öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında öz haqq səsini ucaldıb, hər zaman xalqın, Vətənin təəssübünü çəkib, maraqlarını qoruyub, müdafiəsində durub.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər XX əsr tariximizin ən əhəmiyyətli dövrü kimi qiymətləndirilir. İstər 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə Heydər Əliyev yalnız respublikamızın inkişafı, milli azərbaycançılıq ideyalarının qorunub saxlanılması, xalqımızın firavan gələcəyi barədə düşünmüş və buna nail olmuşdur. Ötən əsrdə cərəyan edən əhəmiyyətli ictimai proseslərin, tarixi hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu məhz 1969-cu ildən başlanıb və ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün hər iki mərhələsi həm 1969-1982-ci, həm də 1993-2003-cü illər, qazanılan böyük uğurlar baxımından olduqca oxşardır. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir. Bir həqiqətdir ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə hər zamankı kimi xalqın çağırışına cavab vermiş Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəldi və öz xilaskarlıq missiyasını yerinə yetirdi.

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi yeri vardır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinə başlanmış və qısa müddətdən sonra bu proses əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.

Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz Ulu Öndərin adı və onun fəaliyyəti ilə bağlıdır. Birmənalıdır ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın Avratlantik təhlükəsizlik institutlarının işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməklə səmərəli əməkdaşlığın genişləndirilməsi ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

2003-cü ildən Azərbaycan xalqının istəyi və iradəsilə ölkədə hakimiyyətə gəlmiş Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Məhz bu siyasi kursun nəticəsi olaraq bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmaqla öz ərazilərini işğaldan azad etmək üçün gərəkən hazırlıqları həyata keçirə bilmişdir. 2020-ci il sentyabr ayının 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixi Qələbəsilə başa çatmışdır. Azərbaycan öz torpaqlarını 30 il davam edən işğaldan azad edərək, tarixi ədaləti bərpa etmişdir.

Azərbaycanın Qələbəsinin əsasında öz liderinə, öz Prezidentinə sonsuz bir inamla güvənən xalq və hər zaman xalqın dəstəyinə arxalanan Prezident durur. Azərbaycan xalqı ən həlledici məqamda öz iradəsini ortaya qoyaraq, dəmir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdi və işğalçıya sarsıdıcı zərbə vurdu. Bu tarixi Zəfər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi kursunun növbəti təntənəsidir.

0 0

Şərhlər

Oxşar xəbərlər