Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni tərkibi müəyyənləşib
27-11-2021, 09:30
265

Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni tərkibi müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni üzvləri və sədri seçilib.


Bu barədə TehsilForumu.Az -a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli yeni üzvləri və sədri təqdim edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Akademik vurğulayıb ki, bu heyət tamamilə yeni gənclərdən təşkil olunub.


Bunlar Şəfa Əliyeva (sədr), Orxan İsayev (müavin), filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, Nurlanə Məmmədova, Şəbnəm Babayeva, Lalə Paşayeva və Günel İsgəndərovadır. Əvvəlki sədr filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva haqqında müsbət fikir söyləyən akademik İsa Həbibbəyli onun artıq elmlər doktorluğu müdafiəsinə az vaxt qaldığını bildirib və yaş həddinə görə sədr vəzifəsindən azad edildiyini diqqətə çatdırıb.


Xatırladaq ki, Şəfa Əliyeva 2014-cü ildə Ədəbiyyat İnstitutuna Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə doktoranturaya qəbul olub. “Azərbaycan tənqidi realist dramaturgiyasında dialoq və monoloq” mövzusunda dissertasiya işi ilə əlaqədar bir çox respublika və beynəlxalq konfranslarda iştirak edib. İyirmidən çox elmi məqalənin müəllifidir.

Məqalələri Ali Attestasiya Komissiyasının qoyduğu tələblərə tam cavab verir. 2018-ci ildə Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində əmək fəaliyyətinə başlayıb. Hazırda Ədəbi cərəyanlar sektorunda elmi işçi kimi çalışır. 2018-2019-cu illərdə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutda təşkil edilmiş ingilis dili kurslarında müəllim kimi fəaliyyət göstərib. Şəfa Əliyeva dissertasiya işinin müzakirəsini müvəffəqiyyətlə tamamlayıb. Hazırda növbəti mərhələ olan elmi seminara hazırlaşır.
0 0

Şərhlər

Oxşar xəbərlər