VƏTƏNPƏRVƏR QAZİ MÜƏLLİM
2-12-2021, 15:51
2 142

VƏTƏNPƏRVƏR QAZİ MÜƏLLİM

 
  Vətən doğulub boya-başa çatdığın ərazi deyil, canın, qanın ,namusun, şərəfin, qürur yerin, and yerindir. Vətən özündən böyük sevgi ilə seviləndə, uğrunda qan tökülüb, can veriləndə Vətən olur.
 
Vətənin dar günündə Vətən uğrunda, Vətən yolunda qorxmadan, cəsarətlə vətənin müdafiəsinə qalxan, canını qurban verib şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən igid, qəhrəman oğullarımız həmişə var və olacaq.

 Sizi gənc, yaraşıqlı, ürəyi vətən eşqi ilə döyünən, vətəni canından əziz tutan qəhrəman bir müəllimlə tanış etmək istəyirəm.

 Məktəb kollektivinin hörmətlə yanaşdığı, şagirdlərin sevə-sevə ünsiyyət qurmaq istədiyi,44 günlük Vətən Müharibəsində  şanlı zəfərin qazanılmasında iştirak edən, vətən sevgisi ilə ,döyüş meydanındakı qəhrəmanlıqları ilə şagirdlərinə vətənpərvərlik dərsi keçən, onlara örnək  olan müəllim Ceyhun Ələsgərli ilə...

 Ceyhun Oqtay oğlu Ələsgərli 1992-ci ildə anadan olub. Hələ uşaq yaşlarından idmana böyük həvəsi olan Ceyhun kikboksinq, futbol idman növləri ilə məşğul olub və bu sahədə bir çox uğurlara imza atıb. Bu həvəsi onu fiziki tərbiyə müəllimliyi vəzifəsinə yönləndirib.

 Ceyhun Ələsgərli ilk müəllimlik fəaliyyətinə 2018-ci ildə Ağsu rayonunun Təklə kəndində fiziki tərbiyə müəllimi kimi başlayıb. 2019-cu ildən Bakı şəhəri 274 nömrəli tam orta məktəbdə öz müəllimlik  fəaliyyətini davam etdirir.


 Vətən Müharibəsi başlayan kimi  işini yarımçıq qoyub və könüllü olaraq döyüş bölgəsinə yollanıb.
 Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı güclü xəsarət alan, əli və ayağı tam hərəkət etməyən Ceyhun xəstəxanaya yerləşdirilib. 

Həkimlərin müdaxiləsindən sonra Ceyhun qismən yaxşılaşıb və xahiş edib ki, onu döyüş bölgəsinə geri göndərsinlər. 

Müalicəsini yarımçıq qoyaraq yenidən döyüş bölgəsinə yollanıb və mərdliklə Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib.

 Vətən Müharibəsindəki xidmətlərinə görə o, ”Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
 Məktəb kollektivi  vətənpərvər müəllim  Ceyhun Ələsgərli, eləcə də, Vətən müharibəsində iştirak edən cəsur Vətən övladları ilə fəxr edir, qürur duyur.

Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa diləyirik.
Var olsun Vətənin mərd , qəhrəman, cəsur övladları!
Qarabağ Azərbaycandır!

Müəllif: Bakı şəhəri 274 nömrəli tam orta məktəbin müəllimi 
  


Yeganə Əliyeva
0 0

Şərhlər

Oxşar xəbərlər