
Ümumi
10-12-2021, 23:55
1 518
Bakı şəhəri Sabunçu rayonu 137 saylı orta məktəbdə “Qarabağımız dünən, bu gün, sabah” adlı tədbir təşkil olundu.
TehsilForumu.Az xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonu 137 saylı orta məktəbin ibtidai sinif müəllimi Azayeva Vahidənin və sinif rəhbəri olduğu II A sinif şagirdlərinin təşəbbüsü ilə Zəfər gününə həsr olunmuş “Qarabağımız dünən, bu gün, sabah” adlı tədbir təşkil olundu.
Tədbir Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam “ səs yazısı ilə başlandı.
Aparıcılar Qarabağın keçmişi, I Qarabağ müharibəsi haqqında məlumat verdikdən sonra şagirdlərin ifasında vətən sevgisi haqqında şeirlər, mahnılar, bir-birindən maraqlı səhnəciklər təqdim olundu. Hər şagird bir şəhid haqqında, onun igidliyi, döyüş yolu haqqında məlumat təqdim etdi.
Səhnəciklərdən biri bölgələrin işğaldan azad olunması ilə əlaqədar idi. Hər şagird bir bölgənin azad olunması ilə bağlı məlumatı təqdim etdikdən sonra əlindəki hissəciyi plakatda verilmiş xəritənin Qarabağ hissəsinə yapışdırır. Sonuncu şagird Şuşa haqqında məlumatı təqdim edir və hissəciyi yapışdırdıqdan sonra xəritənin Qarabağ hissəsidə böyük xarıbülbül təsviri yaranır və fonda böyük sərkərdə İlham Əliyevin “Şuşa, sən azadsan, Şuşa, biz səni dirçəldəcəyik...“ səs yazısı səsləndirilir.
Maraqlı səhnəciklərdən birində isə Qarabağın gələcəyi təsvir olunur. 2050-ci ildir, Şuşa Dövlət Universitetinin müəllimi qəfil yuxuya gedir.
Yuxuda məktəbin yerləşdiyi qəsəbənin sakini olmuş Şəhid Emil Şamilovla, şəhid Orxan Qasımovu görür. Onlara bu neçə ildə Şuşanın necə abadlaşmasından, dəyişməsindən xəbər verir və illər də keçsə, şəhidlərin unudulmadığını, daim xatirələrinin əziz tutulduğunu onlara çatdırır. Sonda müəllim yerdən xarıbülbül götürüb onlara təqdim edir və şəhidləri cənnətə yola salır.
Tədbirə məktəbin müəllim heyəti ilə yanaşı, məktəbin adını daşıdığı l Qarabağ müharibəsinin şəhidi Elşən Məhərrəmovun atası, qəsəbənin sakinləri olmuş ll Qarabağ müharibəsinin şəhidi Emil Şamilov və Orxan Qasımovun anası, həmçinin şəhid Sübhan Məmmədlinin və Əli Ələkbərovun yaxın qohumları, eyni zamanda döyüşdə iştirak etmiş döyüşçülər Azad İsmayılov, Rəsul Abbasov, Fərid Azadlı da dəvət olunmuşdular. Onlar da 44 günlük müharibə ilə bağlı öz təsuratlarını bölüşdülər.
Tədbir zamanı döyüşçü xanəndə Rəsul Firuzoğlu 44 günlük müharibənin himninə çevrilmiş "Xudayar" təsnifini, "Laçınım" mahnısını ifa etdi.
Tədbirin sonunda dəvət olunan qonaqlar tədbirin təşkil olunmasına görə Vahidə müəlliməyə və ll A sinif şagirdlərinə təşəkkür etdilər.
Məktəb rəhbərliyi tərəfindən məktəbdə təşkil olunan Zəfər gününə həsr olunmuş silsilə tədbirlərdə fəal iştirakına görə ll A sinfi və sinif rəhbəri Azayeva Vahidə Diplomla təltif olundu.

































Şərhlər