Ümumi / Müsahibə
6-12-2024, 12:20
275
Direktorların işə qəbulunda müsahibə mərhələsi ləğv olunsun-TƏKLİF
Direktorların işə qəbulu zamanı namizədlərin ən çox şikayətçi olduqları məqam, test mərhələsindən məqbul nəticə göstərsələr də, müsahibədə uğur qazana bilməmələri məsələsidir. Onlar müsahibə prosesinin subyektiv fikirlərə əsaslandığını və şəffaf olmadığını iddia edirlər.
Bəs görəsən, daha yaxşı sistem üçün direkorların işə qəbulunda hansı yeniliklərə getməliyik?
TehsilForumu.Az xəbər verir ki, mövzu ilə bağlı “Əməkdar müəllim”, sabiq deputat Sona Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, direktorların işə qəbulu prosesində müsahibə mərhələsinin ləğvi daha yaxşı nəticələrə səbəb olar:
“Direktorların işə qəbulu prosesi təhsil sahəsində çox vacib mərhələdir. Çünki bu proses yüksək pedaqoji hazırlıqla bərabər, xüsusi idarəetmə bacarığı olan şəxsləri müəyyənləşdirərək məktəb rəhbərliyinə təyin olunmalarına xidmət edir. Lakin illərdir direktorların işə qəbulu müsabiqəsinin formatı dəyişmir. Buna görə də zaman-zaman narazılıqlar səsləndirilir.
Müsabiqənin test və müsahibə mərhələsində idarəetmə və pedaqoji yönümlü suallara yer verilir. Ancaq düşünürəm ki, bunlarla kifayətlənmək olmaz. Artıq yeniliklər edilməlidir. Strateji düşüncə, problem həlletmə, kommunikasiya bacarıqları, emosional zəka bacarıqları ilə bağlı suallar da müsabiqəyə əlavə edilməlidir. Direktor seçimində namizədlərin nəzəri bilikləri ilə yanaşı praktiki bacarıqları da ölçülməlidir.
Nəzərə almalıyıq ki, işdə praktiki bacarıqlar nəzəriyyədən daha çox köməyə çatır. Buna görə də simulyasiya tipli tapşırıqların namizədlərə təqdim edilməsi də uğurlu addım olar. Bu zaman onların möcvud problemi necə həll etdiklərini, stress vəziyyətində davranışlarını, müəllim və valideynlərlə münasibətlərini hansı yollarla tənzimləyə biləcəklərini, məktəb üçün hansı layihə və strategiyaları düşünə biləcəklərini əyani formada görmüş olarıq. Bu cür yanaşmalar müsahibə mərhələsindən daha çox, namizədlərin real iş şəraitində davranışlarını şəffaf şəkildə qiymətləndirməyə yardımçı olur.Şəffaflığın təmin olması, eləcə də namizədlərin şikayətlərinin azalması üçün müsahibə komissiyasına təhsil sistemi ilə birbaşa əlaqəsi olan təhsil ekspertlərini, ali məktəb mütəxəssislərini, eləcə də beynəlxalq mütəxəssislərini cəlb etmək olar.
Müsahibə mərhələsinə valideynin və ictimaiyyət nümayəndələrinin rəyinə əsaslanan bal sistemi də əlavə oluna bilər. Elə məktəblər var ki, orada çalışan müavin yaxud müəllimin kollektiv və valideynlər arasında çox yaxşı hörməti var, ancaq direktorluğa namizədlikdə müsahibə mərhələsindən keçə bilməyib. Bu kimi yaxşı namizədlərin də yolunu açmaq üçün ictimai rəyə əsaslanan bal sistemi də tətbiq etmək təqdirəlayiq addım olardı.
Sınanmış və şablon üsullardan biri də, uğurlu nəticələrlə əvvəllər, yaxud indi direktor işləyən şəxslərin müsahibə prosesinə daxil olmasıdır. Əgər onlar ədalətli şəkildə davranıb, real qiymətləndirmə apararsa, müsahibədəki yanaşmaları, qiymətləndirmələri obyektiv nəticələrə gətirib çıxara bilər. Çünki həmin şəxslərin real təcrübələri olduğu üçün praktik cəhətdən daha obyektiv qiymətləndirməni təmin edə bilərlər”“Ümumiyyətlə direktorların işə qəbulu müsabiqəsində müsahibə mərhələsinin ləğv olunması daha yaxşı olar”,-deyə S.Əliyeva vurğulayıb:
“Müsahibə mərhələsinin yerinə daha konkret, obyektiv və aydın meyarlarla qiymətləndirilə biləcək sualların qoyulması prosesin şəffaflığı üçün effektiv ola bilər.
Direktorluğa namizədlərin rəqəmsal texnologiyalar və müasir idarəetmə bacarıqları ilə işləmələri mütləq yoxlanılmalıdır. Çünki COVİD-19 pandemiyası da bizə göstərdi ki, texnologiyalarla işləmə bacarığımız çox da yaxşı deyil. Ona görə də birmənalı şəkildə tələb qoyulmalıdır ki, məktəb rəhbəri texnologiyalardan, süni intellektdən, innovativ idarəetmə üsullarından, elektron təhsil sistemini, ümumi məlumatları analiz və təhlil etməyi bacarsın.
Bu qabiliyyətlər imtahana əlavə olunmalıdır, nəinki şablon müsahibələr”,-deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Şərhlər