
Nadir İsrafilov: “Yeni ixtisaslar açılsın, ancaq elə olmasın ki, yeni işsizlər ordusu yaransın…"
“Yeni ixtisasların yaradılması təhsil və əmək bazarı arasında uyğunlaşmanın artırılmasına nə dərəcədə xidmət edəcək - bunu zaman göstərəcək.”
Xəbər verildiyi kimi Nazirlər Kabinetinin qərarına əsasən təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.
Tanınmış təhsil eksperti Nadir İsrafilov TehsilForumu.Az-a açıqlamasında bildirib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub. Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib. Ali təhsilin bakalavriat tibb təhsili səviyyəsi üzrə ixtisasların təsnifatı aşağıdakı kimidir: tibb, stomatologiya, hərbi tibb. Hesab edilir ki, yeni ixtisasların yaradılması və mövcud ixtisas adlarının dəyişdirilməsi, təhsil və əmək bazarı arasında uyğunlaşmanın artırılmasına xidmət edəcək.
“Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq” kimi ixtisasları təsnifata əlavə olunması kənd təsərrüfatının inkişafı, iqtisadiyyatımızın neft asılılığından azad olması üçün yeni perspektivlər aça bilər.Üzümçülük, meyvəçilik, taxılçılıq üzrə ixtisaslar da ayrılıqda inkişaf etdirilməli,respublikamızın bu sahədəki ənənələri və nailiyyətləri bərpa olunmalıdır. Əgər, xatırlayan varsa Quba rayonunun alma bağlarında meyvəyə düşən qara xalların aradan qaldırılması üçün Hollandiyadan mütəxəssis dəvət etmişdik.“Qidalanma və diyetologiya” ixtisası da insan sağlamlığının təminatı üçün lazım və vacibdir. “Data analitikası”, “Proqram təminatı mühəndisliyi” ixtisasları da zamanın tələbidir, baxmayaraq ki, bu ixtisaslar üzrə kifayət qədər mütəxəssislərin olub-olmaması və bu fənləri kimlər keçəcək barədə düşünülüb-düşünülməməsi kimlərdəsə maraq doğura bilər. Yeni, ixtisasların açılması barədə qərar verərkən, yarana biləcək kadrların yerləşdirilməsi üçün müvafiq müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması planlaşdırılıbmı, yeni işsizlər ordusunun yaranmayacağına təminat verilibmi...?
TehsilForumu.Az
Şərhlər