Qarabağ Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.
20-02-2025, 18:28
235

Qarabağ Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

TehsilForumu.Az xəbər verir ki , İclası giriş sözü ilə Elmi Şuranın sədri Şahin Bayramov açıb. Sədr ali təhsil müəssisəsində həyata keçirilən ilk imtahan sessiyasınının uğurla yekunlaşması və yeni semestrin başlaması münasibətilə akademik heyəti və tələbələri təbrik edib. Həmçinin professor-müəllim heyətinə bu prosesdə fəal iştiraklarına görə təşəkkürünü bildirib.
 
Elmi Şuranın gündəliyi elan edildikdən sonra Universitetin Tədris şöbəsinin müdiri Leyla Əliyeva 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında təqdimatla çıxış edib. Bildirilib ki, imtahanlarda 1086 nəfər bakalavr, 60 nəfər SABAH qrupları üzrə olmaqla, ümumilikdə 1146 nəfər tələbə iştirak edib.
 
Sonra Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev 2024/2025-ci tədris ilinin payız semestrində tədris fəaliyyətinin keyfiyyət monitorinqi nəticələri haqqında təqdimatla çıxış edib. Hesabatda fakültələr üzrə ən yüksək keyfiyyət göstəricisinin Humanitar və sosial elmlər fakültəsində, ən yüksək müvəffəqiyyət göstəricisinin isə Pedaqoji fakültədə olduğu vurğulanıb.
 
Elmi Şuranın sədri Şahin Bayramov hesabatlar ətrafında çıxış edərək bildirib ki, bu semestr imtahanları tədris prosesini daha dərindən analiz etmək və gələcəkdə həyata keçiriləcək yenilikləri tətbiq etmək üçün yaxşı fürsətdir. Sədr imtahan sessiyasının nəticələrinin məqbul olduğunu vurğulayaraq növbəti semestrdə tələbələrin təkliflərinə uyğun daha təkmilləşdirilmiş dərs cədvəllərinin tətbiq ediləcəyini diqqətə çatdırıb.
 
Rektor Universitetin həm ilk tədris ilinin, həm də semestr imtahanlarının təşkil edilməsində fakültə heyətinin böyük əziyyətinin olduğunu qeyd edib. Həmçinin gələcəkdə ali təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi üçün müəllimlər və tələbələrlə görüşlər keçirərək onların təkliflərinin nəzərə alınacağı bildirilib. Ş.Bayramov tələbə əsaslı Universitet qurma yolunda mütəmadi addımların atıldığını və gələcək dövrdə Xankəndi şəhərində təhsilalanların sosial fəaliyyətlərinin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu əlavə edib.
 
Daha sonra Elmi Şuranın gündəliyində olan məsələlər təsdiqlənib, cari məsələlər ətrafında müzakirələr aparılıb.

Nigar Məmmədova 

1 0

Şərhlər

Oxşar xəbərlər