Ümumi
6-12-2024, 19:00
146
Kursa getmədən necə dil öyrənək? - Praktik metodlar və tövsiyələr
Bu gün bir çox insan xarici dil öyrənmək üçün müəyyən kurslara və fərdi müəllimlərə müraciət edir. Bu isə əlavə xərclər tələb edir. Bəs, xarici dil öyrənmək istəyən bir şəxs, müxtəlif kurslara və ya fərdi müəllimlərə getmədən, internet resursları və digər vasitələrdən istifadə edərək dil öyrənə bilərmi?
TehsilForumu.Az bildirir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Kembric Universitetinin CELTA sertifikatlı İngilis dili müəllimi Vüqar Məmmədov qeyd edib ki, müəyyən tətbiqlər, hekayələr və filmlər vasitəsilə xarici dil bacarıqlarını inkişaf etdirmək mümkündür:
“Əlbəttə, fərdi müəllim və kurslara müraciət etmədən də xarici dil öyrənmək mümkündür. Ancaq bu proses daha çox vaxt və səbr tələb edir. Bundan əlavə, iradə və düzgün metod seçimi də vacibdir. Əgər mentor dəstəyi olarsa, proses daha asanlaşar, çünki dil haqqında heç nə bilməyən şəxs haradan başlayacağını müəyyən etməkdə çətinlik çəkə bilər.
Xarici dil öyrənmək istəyənlər üçün müxtəlif tətbiqlər mövcuddur. “Duolingo”, “Busuu” və buna bənzər proqramlar vasitəsilə ilkin olaraq söz bazasını artırmaq mümkündür. Bu tətbiqlərdən 3-4 ay ərzində müntəzəm istifadə etdikdən sonra xarici dildə uşaqlar üçün nəzərdə tutulmuş kitablarla işləməyə başlamaq məqsədəuyğundur. Lakin bu kitabların düzgün şəkildə işlənmə qaydalarını bilmək vacibdir. Məsələn, müəyyən cədvəllər mövcuddur ki, onlar kitabdan necə istifadə edəcəyimizi göstərir. Hər səviyyədə ən azı 5 kitab üzərində işləmək tövsiyə edilir”.
Müsahibimiz bildirib ki, təxminən bir il ərzində düzgün yanaşma ilə hekayə kitabları vasitəsilə yaxşı bir dil səviyyəsinə çatmaq mümkündür:
“Kitab seçimi də çox önəmlidir. Məsələn, bəzi kitabların dinləmə materialları olmur, bu da faydalı nəticə vermir. Bundan başqa, xarici dili filmlərə baxaraq da inkişaf etdirmək mümkündür. Lakin burada da doğru yanaşma tətbiq edilməlidir. Təkcə film izləmək kifayət etmir, filmi hissələrə bölüb təhlil etmək vacibdir.
Ümumilikdə, müəyyən tətbiqlər, hekayələr və filmlər vasitəsilə xarici dil bacarıqlarını inkişaf etdirmək mümkündür. Əsas odur ki, bu proses düzgün təşkil edilsin və ardıcıl şəkildə həyata keçirilsin”.
Şərhlər