Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir
22-11-2021, 12:54
604

Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir


 TehsilForumu.Az Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.
 Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə möhlət verildi. Noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri rahat və təhlükəsiz şəkildə boşaltdı. 
 Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Ərazisi 3054 kv.km, əhalisinin sayı işğala qədər 88 300 nəfor təşkil edirdi. Kəlbəcər rayonunun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb.
 Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
 "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
 Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır və mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri də bu yerlərdə yaradılıb. Rayonun dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Lex qalası XIII-XIV yüzilliklərin abidəsidir. Ümumiyyətlə, Kəlbəcərdə dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. 
 Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. 
 Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunmuş Kəlbəcərə ilk dəfə etdiyi səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, müəssisələr, bir sözlə, səfərin hər məqamı bir hadisədir!
  Özəlliklə, işğaldan azad olunmuş torparları¬mızda, mürəkkəb relyefə – dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurverici¬dir. 
 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
 Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində əldə etdiyi tarixi qələbəs ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda da bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
0 0

Şərhlər

Oxşar xəbərlər