Ağdam sən azadsan
18-11-2021, 20:08
1 002

Ağdam sən azadsan


TehsilForumu.Az - 2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gündür. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.
İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident cənab İlham Əliyev deyib: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
0 0

Şərhlər

Oxşar xəbərlər