Nadir İsrafilov: “Sanki, tərbiyə işinin bütün problemlərini həll etmişik, qalıb bircə cinsi tərbiyə işi… ”
9-06-2024, 16:49
47

Nadir İsrafilov: “Sanki, tərbiyə işinin bütün problemlərini həll etmişik, qalıb bircə cinsi tərbiyə işi… ”

TehsilForumu.Az - Şagirdləri cinsi tərbiyə ilə bağlı məlumatlandırmaq – loru dildə desək, dəlinin yadına daş salmaq kimi bir şeydir.
Bir ara fasilədən sonra orta məktəblərdə reproduktiv sağlamlıq, cinsi tərbiyə, ailə hüququ mövzularının dərs saatlarına əlavə edilməsi məsələsi yenidən gündəmə gəlib. Onu da qeyd etmək  yerinə düşər ki, təhsilin müxtəlif problemləri o cümlədən də cinsi tərbiyə ilə bağlı məsələ zaman-zaman müzakirə obyektinə çevrilib, müxtəlif fikirlər səsləndirilib, fərqli mövqelər sərgiləndirilib, hətta debatlar təşkil olunub. Bununla belə geniş ictimaiyyət tərəfindən heç də bir mənalı qarşılanmayıb, tərəfdarlar və əleyhdarlar arasında fikirlər haçalanaraq, əsaslı və əsassız polemikalara səbəb olub. Kimlərsə qaldırılan məsələnin mənfi təsirini əsas gətirərək narazılığını ifadə edib,  kimlərsə məsələnin həllinin müsbət sonunclanacağında haqlı olduğunu biruzə verib. Buna görə də bu və bu kimi məsələlər konkret həllini tapmadığından təkrar-təkrar gündəmə gətirilib və bu günün özündə də gətirilməkdə davam edir.
Məktəblərimizdə cinsi tərbiyə dərslərinin keçirilməsinə baxış da fərqli olub və olmaqda qa qalmaqdadır. Baxmayaraq ki, uşaq və yeniyetmələrin cinsi tərbiyəsi ailə pedaqogikasının vəzifələri sırasında özünəməxsus yer tutur, bunununla belə bəzilərində belə fikir formalaşıb ki, gigiyenik və cinsi tərbiyəylə bağlı uşaqlar arasında mədsədyönlü şəkildə iş aparmağa ehtiyac yoxdur. Bu, ata-babalarımızın ailənin nəsilartırma funksiyasını diqqət mərkəzində saxlayaraq, uşağın yanında bu mövzuda danışmağı lüzumsuz, hətta tərbiyəsizlik hesab etməsindən də qaynaqlanır. Eyni zamanda belə hesab edənlər də var ki, belə yanaşmada cinsi tərbiyə istiqamətində maariflənmə işi başlı-başına buraxılmış olur. Halbuki cinsi tərbiyə şəxsiyyətin hərtərəfli və ahəngdar formalaşdırılmasının tərkib hissələrindən birirdir, uşaqların psixoloji, mənəvi, fiziki və gigiyenik cəhətdən sağlam böyümələrinə təsir edir. Yəni, ailədə və məktəbdə cinsi tərbiyənin arxa plana keçirilməsi, cinslərin fiziki xüsusiyyətlərinin söhbət mövzusu kimi nəzərdə tutulmaması yeniyetmə və gəncləri çıxılmaz vəziyyətə salır. Onlar maraqlandıqları məsələlərə kənarda cavab axtarırlar. Nəticədə həmyaşıdları və daha kimlərsə onların məsləhətçisinə çevrilir.
O vaxtki müzakirələrdə kimlərsə cinsi tərbiyə ilə bağlı tədrisin şagirdlərə faydası olacağını, bu dərsin tədrisinə ciddi ehtiyac olduğunu, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacağını düşündüsə, digərləri hesab etdilər ki, yeni fənn dini və dünyəvi dünyagörüşlü insanlar arasında qarşıdurmaya səbəb ola bilər. Bundan başqa, şüuru hələ tam möhkəmlənməyən yeniyetmələrdə cinsi əlaqə istəyi yarana bilər ki, bu da xoşagəlməz haldır. Bununla belə hazırda cəmiyyətin üzləşdiyi kriminalın, erkən nikahların, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmamasının durmasını iddia edənlər də oldu. Təhsil nazirliyinin məsələyə rəsmi münasibəti isə ondan ibarət oldu ki, “Azərbaycanda ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb.
Ümumiyyətlə, “Məktəblərdə cinsi tərbiyə: kim razıdır, kim yox?”, “Məktəblərdə seksual inqilabın səbəbi nədir?”, “Orta məktəblərdə cinsi tərbiyə: nə etməli?”, “Məktəblilərin cinsi inkişaf dərslərinə ehtiyacı varmı?” və digər bu kimi digər suallar zaman-zaman manşetlərlərə çıxarılıb , gündəmin əsas mövzularından biri olub. Bir ara hətta tədrisə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi təqdim edilmiş, üç il pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin ölkə üzrə tam tətbiqinə başlanacağı barədə açıqlamalar da edilmişdi. Məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaq idi, Hazırlanan kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə belə təqdim olunmuşdu.
Məsələ bu günədək beləcə qaldı, çünki, dərslik ayrı şeydir, metodik tövsiyə tamam başqa şey, eynilə maarifləndirmənin və dərsin, tədrisin ayrı anlayışlar olduğu kimi. Bunun üçün “Biologiya” və “Həyat bilgisi” kimi tədris fənləri var. Ən çıxılmaz vəziyyətdə fakultativ məşğələlərin imkanlarından yararlanmaq olar. Tədris proqramı və təhsil proqramlarının həddən artıq yüklü olduğu bir vəziyyətdə, valideynlərin və təhsil içtimaiyyətinin uşaqların həddən artıq yüklənməsi barədə həyacan təbili çaldığı bir şəraitdə əlavə polemikalar açmaq, gərəksiz ajiotaj yaratmaq nə dərəcədə məntiqə uyğundur? Hər sinifdə 40-50 uşaq oturarkən, siniflərin bölünməsində ciddi problemlərlə üzləşdiyimiz halda, “Reproduktiv sağlamlığı tədris” edərkən oğlanlar və qızlar üçün dərslərin ayrı-ayrılıqda aparılmasından çıxış yolnu necə tapılacaq?
Son günlər bu məsələnin çözülməsində bir az da irəli gedərək, “şagirdlərə 5-ci sinifdən cinsi tərbiyə dərsləri keçirilməlidir” kimi çağırışlar edib, ən azı həftədə bir və ya 10 gündə bir seans formasında 40-45 dəqiqə cinsi tərbiyə barədə şagirdlərə məlumat verilməlidir kimi fikirlər səsləndirənlər var. Bunu da belə əsaslandırırlar ki, dünya təcrübəsində Avropada, Amerikada, İsraildə artıq 5-ci sinifdən bu barədə dərslər mövcuddur. Elə isə, biz də belə əsaslandıra bilərik ki, dünya təcrübəsində çox şey var.
Qonşu “Rusiyanın bəzi orta məktəblərində pilot layihə kimi reproduktiv sağlamlıq haqqında vəsait tədris olunub. 8 -11-ci siniflərə şamil edilən bu dərslikdə cinsi tərbiyə, ailə həyatı quran, dünyaya uşaq gətirən gənclərin davranış qaydaları kimi mövzulara toxunulub. Bir-iki ildən sonra aparılan araşdırmalardan sonra müəyyən edilib ki, layihə orta məktəb şagirdlərinin davranışlarında ciddi nöqsanlara səbəb olub. Bu dərsliyi oxuyan orta məktəb şagirdləri öyrəndiklərini praktikada həyata keçirməyə başlayıblar. Rus məktəblilərinin əxlaqına və davranışına neqativ təsir edən bu dərsliyin ümumtədrisinə rəy verilmədi.
Uzağa niyə gedirik, elə ötən əsrin 90-cı illərdə Respublikamızın orta məktəblərdə əlavə vəsait kimi tədris olunan, ailə və nikah məsələlərindən bəhs edən “Ailə” dərsliyinin müqəddəratı necə oldu, erkən nikahların sayı azaldımı, əksinə erkən boşanmaların sayı bir az da artmış oldu. Uşaqlarımızın sağlamlığını qorumaq istəyiriksə, onları lazımlı-lazımsız materiallarla yükləmək yox, onları bu ağır yükdən azad etməliyik. Deməyim odur ki, hər dəfə bir problem qaldıranda, bir dəfə də onun üstünə gedək, eyni şeyi çeynəməmək üçün nə isə edək. Belə çıxmasın ki, sanki, tərbiyə işinin bütün problemlərini həll etmişik, qalmışdı bircə cinsi tərbiyə işi...
0 0

Şərhlər

Oxşar xəbərlər