Nadir Israfilov: Problemin kökü diplom alandadır, yoxsa diplom verəndə…?
7-06-2024, 12:00
226

Nadir Israfilov: Problemin kökü diplom alandadır, yoxsa diplom verəndə…?

Diplomlu müəllimin özünə inamı və diplomuna güvəni varsa, kursa getmək nə deməkdir?
Məlum olduğu kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla 4 mərhələdən ibarətdir. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər, həmçinin 3 ildən çox müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub fasiləsiz çalışmış müəllimlər iştirak hüququna sahibdirlər.
TehsilForumu.Az - Yəni, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.
Qaydalarda dəfələrlə müvafiq dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən İşə qəbul müsabiqəsində iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq alt sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur və onu təsdiq edir.
Test imtahanında namizədlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına aid 40 sual, tədris metodikasına və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test imtahanı suallarının cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılır. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir.
Təsəvvür edin, ali məktəbi bitirib diploma sahiblənən müəllim, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əlavə imtahan verməli, müsabiqə, müsahibə mərhələsindən keçməli, onunla bağlanmış müvəqqəti müqavilənin daimiləşməsi üçün bir müddət intizar içərisində gözləməlidir. Hələ bu azmış kimi əlavə prosedurları aşmaq üçün müəllim hələ bir əlavə hazırlıq kurslarına da getmək zərurəti qarşısında qalmalıdır. Habuki, biz də müəllim olmuşuq, tələb-təklif prinsipi əsasında təyinatla əmək fəaliyyətinə başlamışıq, hardan gəlmişdiksə, ora da göndərilmişik, bIr-iki bala görə öz doğma ev-eşiyimizdən didərgin salınmamışıq. Bitirdiyimiz ali təhsil müəssisəsinin diplomu əmək fəaliyyətimizə başlamaq üçün yetərli idi. Hər hansı bir əlavə hazırlıq prosdurlarına ehtiyac yox idi.
2011-ci ildənn başlayaraq MİQ müsabiqəsi keçirilir və bu günə qədər də davam etməkdədir. İstəsək də, istəməsək də açıq etiraf etməliyik ki, ölkəmizdə müəllimlərin işlə təmin olunmasında hələ də müəyyən problemlər yaşanmaqdadır. Müəllimlərin sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu və nəticədə rəqabət mühitinin yarandığı cəmiyyətdə heç də birmənalı qarşılanmamış, müəyyən narazılıqlarla müşayət olunmuşdur.
Kiçik bir xatırlatma yerinə düşər ki, 1990-cı illərə qədər müəllimlərin işə qəbulu rayon təhsil şöbələri tərəfindən hər müəllimin növbəyə durması əsasındı həyata keçirilirdi. Sonralar bu funksiya məktəblərə həvalə olundu. Bütün məktəblər vakansiyaları "Azərbaycan müəllimi" qəzetində dərc edirdilər. Hər məktəbin qabağında o vakansiyalar yerləşdirilirdi. Məktəbdə 9-11 nəfərdən ibarət xüsusi komissiya yaradılırdı. Komissiya müəllimin açıq dərsini dinləyir, müsahibə aparır və müəllimin namizədliyini rayon təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra rayon təhsil şöbəsi əmr verirdi.
Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçməsi ilə əlaqədar qaydalar dəfələrlə dəyişilib. Qaydalardakı müəyyən ziddiyyətlər zaman-zaman gündəmə gətirilib və müzakirə obyektinə çevrilib. Əsas sual isə ondan ibarətdir ki, ali məktəbi bitirən diplomlu müəllimin əmək fəaliyyətinə başlaması üçün əlavə imtahana ehtiyac varmı? Ehtiyac varsa belə, bu halda imtahan girmək üçün əlavə hazırlıq hansı zərurətdən irəli gəlir? Əgər müəllimin özünə inam və diplomuna güvəni yoxdursa, bu inamsızlıq ali məktəbdə qazandığı bilik və bacarıqlara, inamsızlıqdır yoxsa, verəcəyi imtahana güvənsizlikdir? Daha konkret desək, hədəf diplom alandır, yoxsa diplom verən? Problemin kökü diplom alandadır, yoxsa diplom verəndə…?
0 0

Şərhlər

Oxşar xəbərlər