Sosial siyasətimizin mühüm qolu...
5-06-2024, 12:40
198

Sosial siyasətimizin mühüm qolu...

Təhsil proqramları necə hazırlanmalıdır?
Təhsil sistemində müşahidə edilən yeniliklər diqqətdən yayınmır. Məlumdur ki, hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri təhsilimizin inkişafıdır. Bu siyasətin həyata keçirilməsi daim öz aktuallığını qoruyur. Məsələn, Azərbaycanda məhz təhsil sektorunun daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılır, əsaslı işlər görülür. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün qəbul olunan proqramlar təhsilimizin inkişafına xidmət edir. Xüsusilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin bilavasitə cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etdiyini nəzərə alınaraq Azərbaycanda bu istiqamətdə mühüm işlər görülməkdədir.

Mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac duyulur. Ona görə də bu proqramların hazırlanması istiqamətində mühüm işlərin icrası, prosesin intensivləşməsi təsadüfi hesab oluna bilməz. Unutmaq lazım deyil ki, hazırda hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı, mədəniyyətinin səviyyəsi ilə bağlıdır.

Eyni məqsəd, fərqli anlayışlar...

TehsilForumu.Az xəbər verir ki , Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, bəzən təhsil proqramları ilə tədris proqramlarını qarışıq salırıq, baxmayaraq ki, məqsəd və mahiyyət eyniliyi olsa belə bunlar tam fərqli anlayışlardır: “Təhsil proqramı ediləcək hər hansı bir işin hissələrini, bu hissələrin sırasını və vaxtını göstərən layihənin planlaşdırma şəklinə çevrilib. Təhsil Standartına müvafiq hazırlanmış əsas təhsil proqramının quruluşu cəmiyyətin müasir bilik əldəetmə metoduna qoyduğu tələblər nəzərə alınaraq təhsil paradiqması dəyişdirilib, yeni məzmun, yanaşmalar, metodlar təqdim edilib. Təhsil proqramının quruluşu, məzmunu, tələbləri Dövlət Təhsil Standartının tələbləri ilə müəyyən edilir. Belə bir proqram fəaliyyətin məqsədi, planı, tətbiqetmə metodları və yollarının göstərildiyi və mübahisələndirildiyi bir sənəddir. Tədris proqramı isə hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəddir. Tədris planı hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəddir”.

Təhsil proqramları belə olmalıdır...

N.İsrafilov qeyd edib ki, bu yaxınlarda yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblər müəyyənləşdi. Onun sözlərinə görə, şagirdlərin bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında bir sıra mühüm amillər var: “Həmin amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır. Yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblərə əsasən, təhsil proqramı təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır. Bundan başqa, təhsil proqramı ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı, cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. Eyni zamanda, təhsil proqramı yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, rəqabət mühitində və informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmalıdır”.

Avropa təhsil proqramlarını əsas götürsək...

Ekspertin sözlərinə görə, təhsil proqramlarının hazırlanmasında müasir dünya standartlarının əsas götürülməsi də vacibdir: “Müvafiq dərsliklərin, proqramların hazırlanması və bu istiqamətdə görülən işlər zamanı qabaqcıl ölkələrin təhsil proqramları əsas götürülərək müəyyən tələblər həyata keçirilməlidir. Təhsil proqramları tam müasir standartlara cavab vermir. Azərbaycanda əsas təhsil proqramları əsasən kurikulum təhsil sisteminə əsaslanır. Yaxşı olardı ki, təhsilin davamlı inkişafını təmin etmək üçün Sinqapur, Finlandiya kimi müasir Avropa təhsil proqramlarını əsas götürək. Bu zaman proqramların hazırlanması və icrasında daha səmərəli nəticələr əldə etmiş olarıq”.


0 0

Şərhlər

Oxşar xəbərlər