1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1-06-2024, 09:46
280

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib.
    Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.

Müxtəlif ölkələrdə uşaqlar müxtəlif problemlərlə üzləşirlər. Belə ki, Avropa və Amerikada televiziya və internetin mənfi təsiri böyük problem hesab olunur. Amma Afrika və Asiya ölkələrində uşaqları aclıq, QİÇS, hərbi münaqişələr və savadsızlıq təhlükəsi gözləyir. Orada həkim və dərman çatışmazlığından uşaqlar ölür. Təəccüblü deyil ki, belə ölkələrdə uşaq ölümləri dəfələrlə çoxdur. Üstəlik, təhsil müəssisələrinin olmaması səbəbindən lazımi təhsili almırlar.

 

Uşaqların Müdafiəsi Günü dünyanın əsas problemlərinə diqqəti cəlb etmək üçün bir fürsətdir. Gənc nəslin hüquqlarının möhkəmləndirilməsi və müdafiəsi, profilaktik sağlamlıq proqramlarının işlənib hazırlanması, cəmiyyətdə aqressiya səviyyəsinin azaldılması bütün ölkələr üçün aktuallıq kəsb edir.

 

Bu gün kiçik insanların da böyük problemləri olduğunu xatırlamaq lazımdır. Onların fikir azadlığı, təhsil və istirahət hüququ var. Bu bayram bizə xatırladır ki, uşaqların səsinə daha tez-tez qulaq asmaq lazımdır. Və unutmayaq ki, ilk növbədə, uşaqların qayğı və sevgiyə ehtiyacı var, onları maddi şeylərlə əvəz etmək mümkün deyil. Böyüklər isə, ilk növbədə, özündən başlamalı, uşaqlara yaxşı nümunə olmalıdır və ildə bir-iki dəfə deyil, 365 gün ərzində.
0 0

Şərhlər

Oxşar xəbərlər