Tamam Cəfərova: Zəfər paradı böyük qələbəmizin nidası oldu
10-12-2021, 16:30
504

Tamam Cəfərova: Zəfər paradı böyük qələbəmizin nidası oldu

TehsilForumu.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbəmizin nidasına çevrilmiş Zəfər paradından bir il ötür. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin erməni faşizmi üzərində qazandığı parlaq qələbənin şərəfinə paytaxtın Azadlıq meydanında təşkil olunmuş Zəfər paradı xalqımızın yaddaşında əbədi qalacaq. Şübhəsiz ki, bu parad əvvəlkilərdən tamamilə fərqli idi. Bu, Azərbaycan Ordusunun əsgər və zabitlərinin düşmənin belini qırdığı, əbədi və əzəli torpaqlarımızı düşmən işğalından azad etdiyi qələbə yürüşü idi. Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsi idi.

Bu fikri  açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev ötən 18 illik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün çalışıb, hər gün o böyük günü yaxınlaşdırmaq üçün əlindən gələni edib.

Hamının yaxşı xatırladığı kimi, 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda çıxışı zamanı qeyd edib ki, “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Müzəffər Ali Baş Komandan bu vədini cəmi iki il sonra yerinə yetirdi. Həqiqətən də Prezidentin dediyi kimi, xalq-ordu-dövlət həmrəyliyi və birliyi bu günü olduqca yaxınlaşdırdı. Bu birlik və vəhdət sayəsində ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan parlaq qələbə qazandı.

Bildiyiniz kimi, Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi heyəti ilə yanaşı türk hərbçiləri də iştirak edib. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı ilə birlikdə Zəfər paradında iştirak etməsi, müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərə etdiyi səfərlər, Şuşa şəhərində iki ölkə arasında imzalanmış Bəyannamə, Füzuli Beynəlxalq Hava Limanının açılışını iki qardaş ölkə liderlərinin birlikdə etməsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyinin, hətta iki ölkə arasında münasibətlərin dostluq, qardaşlıq münasibətləri çərçivəsində yüksək səviyyədə olduğunun göstəricisidir.

T.Cəfərova bildirib ki, Zəfər paradı bütün dünyaya dövlətimizin və ordumuzun gücünü nümayiş etdirdi. Dünya müzəffər Azərbaycan Ordusunun gücünü gördü və ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və ya bunu etiraf etməyə məcbur oldu.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi idi.

Dekabrın 10-da keçirilən Zəfər paradı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, qalib Azərbaycan Ordusunun gücünü, öz liderinin ətrafında birləşən və müharibə zamanı özü orduya çevrilən xalqın əzmini bir daha dünyaya göstərmiş oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidası oldu. Bir daha vurğulamalıyıq ki, bu, Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsi idi.
0 0

Şərhlər

Oxşar xəbərlər