Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan böyük iqtisadi inkişafa nail olub
10-12-2021, 16:03
402

Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan böyük iqtisadi inkişafa nail olub

Dekabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

TehsilForumu.Az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru akademik Gövhər Baxşəliyeva dahi lider Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı böyük rolundan danışıb. Qeyd edib ki, Ulu Öndər gördüyü misilsiz işlərlə xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi düşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkə böyük iqtisadi inkişafa nail olub.

Gövhər Baxşəliyeva Ulu Öndərin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb, Ümummilli Liderin 1993-cü ildə ilk görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini bildirib. Həmin görüşdə iştirak etmiş Gövhər Baxşəliyeva dahi lider Heydər Əliyevin həmin tədbirdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu bildirən Gövhər Baxşəliyeva Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib.

O, Prezidentin uğurla həyata keçirdiyi xarici siyasətin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə mühüm rolu olduğunu deyib. Dövlət başçısının məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin söz sahibi olan qüdrətli dövlətə çevrildiyini və bu mövqeyə çatmaqda Ulu Öndərin və Prezident İlham Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.

Akademik G.Baxşəliyeva ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin nurlu xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbirdə institutun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı və digər çıxış edənlər dahi lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da Ulu Öndərin xidmətləri heç zaman unudulmayacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər