
Ümumi
10-12-2021, 11:06
437
BSU-da “Türk dünyası: geosiyasət və mədəni reallıqlar” mövzusunda keçirilən konfransda 65-dək məruzə dinlənilib
Bakı Slavyan Universitetində (BSU) Vətən müharibəsində qazanılmış böyük Zəfərə və bu ali təhsil müəssisəsinin 75 illik yubileyinə həsr olunan “Türk dünyası: geosiyasət və mədəni reallıqlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq məktubuna uyğun olaraq BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin konfransın təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən, universitetdə tərkibinə prorektorların, fakültə dekanlarının, kafedra müdirlərinin, professor-müəllim heyəti nümayəndələrinin daxil olduqları 18 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
BSU-dan TehsilForumu.Az bildirir ki, onlayn konfransın plenar iclasını açan elmi işlər üzrə prorektor professor Rafiq Novruzov fikir və təcrübə mübadiləsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.
Professor Rafiq Novruzov bildirib ki, Azərbaycan xalqının, dövlətinin və rəşadətli Silahlı Qüvvələrinin Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı böyük Zəfər yalnız Cənubi Qafqaz regionunda deyil, dünyada yeni reallıqlar yaratdı. “Təqdirəlayiq haldır ki, Vətən müharibəsindən sonra türk dünyası həmrəylik, birləşmək istiqamətində yeni addımlar atır. Bu gün BSU-da keçirilən beynəlxalq elmi-praktik konfrans da bunun bariz nümunəsidir.
Konfrans iştirakçılarının təmsil etdikləri türkdilli ölkələrin coğrafiyası genişdir və bu, bizi çox sevindirir”, - deyə prorektor əlavə edib.
Tədris işləri üzrə prorektor professor Telman Cəfərov, tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova çıxış edərək müasir dövrdə türkdilli ölkələrin birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini, BSU-da bu istiqamətdə respublika və beynəlxalq miqyaslı elmi konfransların, simpoziumların, digər elmi tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıblar.
Türkiyənin Holistense Akademiyasının prezidenti professor Mehmet Şahin, Başkent Universitetinin professoru Suer Eker, Qırğızıstan Beynəlxalq Medikal Universitetinin prorektoru professor Kadirali Konkobayev, Mirzə Ulukbek adına Özbəkistan Milli Universitetinin professoru Mahabbat Kurbanova, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Jarkınbekova, Türkiyənin Hacettepe Universitetinin professoru Haluk Akalın, Hacı Bayram Vəli Universitetinin professorları Fatih Kirişçioğlu və Ekrem Arıkoğlu, Moldovanın Qaqauziya Komrat Dövlət Universitetinin professoru Güllü Karanfil, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin dosenti Biserka Beleva BSU-da türk dünyası üçün mühüm mənəvi-siyasi məna daşıyan və çağdaş dövrümüz üçün aktual əhəmiyyət kəsb edən mövzuda beynəlxalq elmi-praktik konfransın keçirilməsini və bütövlükdə universitetin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsini yüksək qiymətləndirərək universitetin rəhbərliyinə təşəkkür ediblər.
Sonra konfrans öz işini filologiya elmləri, ictimai elmlər, xarici dillərin tədrisi metodikası, psixologiya və pedaqoji elmlər bölmələrində davam etdirib. Ümumilikdə bölmə iclaslarında 65-ə yaxın məruzə dinlənilib. Bölmə iclaslarında məruzələrin müzakirəsi aparılıb, fikir və təkliflər irəli sürülüb.
Beynəlxalq elmi-praktik konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, qərar və tövsiyələr qəbul edilib, gələcək əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb. Konfransın nəticələri əsasında məqalələrin İSBN indeksli topluda çap edilməsi və iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulur.
Konfransda bir çox türkdilli ölkələrin universitetlərinin, elmi müəssisə və təşkilatlarının, ölkəmizin ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq məktubuna uyğun olaraq BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin konfransın təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən, universitetdə tərkibinə prorektorların, fakültə dekanlarının, kafedra müdirlərinin, professor-müəllim heyəti nümayəndələrinin daxil olduqları 18 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Şərhlər