Məktəblilərin aqressiv davranışı, qeyri-etik görüntülər: Səbəb nədir?
23-02-2024, 16:41
384

Məktəblilərin aqressiv davranışı, qeyri-etik görüntülər: Səbəb nədir?

Son zamanlar aqressivlik, müəllim və sinif yoldaşlarına qarşı qeyri - etik, xoşagəlməz davranışlar nümayiş etdirən yeniyetmələrin sayı xeyli artıb. Təhsil almaq, elm öyrənmək yerinə onlar qeyri-etik davranışlar sərgiləyir, sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, ağlagəlməz cəza metodları tətbiq edirlər. Son vaxtlar yeniyetmələr arasında baş verən xoşagəlməzliklər cəmiyyət tərəfindən narahatlıqla qarşılanmır. Bəziləri hesab edir ki, ailədə uşaqlara nəzarətin zəif, təlim-tərbiyədə isə boşluqların olması bu kimi hallara gətirib çıxarır. Valideyn nəzarətindən uzaq olan uşaq küçə həyatına meyl göstərir, yaşına uyğun olmayan insanlarla dostluq edir, pis vərdişlərə yiyələnir. Nəticədə də onlarda davranış pozğunluqları baş verir.
Mütəxəssislər hesab edir ki, çox zaman yeniyetmənin aqressiv davranışına valideynlərin ona qarşı sərt cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıqla üzləşən, şiddət görən, qayğıdan, diqqətdən, valideyn sevgisindən uzaq yeniyetmədə ətrafdakılara qarşı mənfi münasibət, aqressiv hisslər yaranır.Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, valideyn nəzarəti və diqqətindən kənar qalan uşaqlar səhv istiqamətə yönəlir:
“Valideynlər övladlarına daha çox vaxt ayırmalı, təlim-tərbiyəsi ilə daha ciddi məşğul olmalıdır. Onları daim nəzarətdə saxlamalı, dərslərini necə oxuması, məktəbdə özünü necə aparması ilə maraqlanmalıdır. Uşaqda mənfi yöndə dəyişikliklərin qarşısını almaq üçün valideyn vaxtında tədbirlər görməlidir. Xüsusən də yeniyetməlik dövrünü yaşayan yuxarı sinif şagirdlərinə qarşı daha diqqətli davranmaq lazımdır. Bu yaşda uşaqlar həyatda öz mövqelərini hələ müəyyən etmir, həyat baxışları dəqiq olmur. Bu səbəbdən də müxtəlif istiqamətlərə meyillənirlər. Buna görə də valideyn övladını düzgün istiqamət verməli, doğru yol göstərməlidir. Hər bir valideyn öz övladının məktəbdə gündəlik davranışı haqda məlumat əldə etməlidir, bilməlidir ki, onun övladı məktəbdə bu gün necə davranıb. Digər tərəfdən məktəblə valideyn arasında ciddi kommunikasiya qurulmalıdır. Ən başlıcası isə məktəblərdə maarifləndirici, tərbiyələndirici söhbətlər, müzakirələr, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqamətdə sistemli şəkildə ciddi işlər aparılmalıdır. Biz kompleks şəkildə mübarizə aparmalıyıq. Çünki sosial şəbəkə faktorunun qarşısını tamamilə almaq mümkün deyil".
Millət vəkili qeyd edb ki, məktəblərdə şagirdlər arasında baş verənlər çox ciddi mətləblərdən xəbər verir, buna etinadsız yanaşmaq olmaz:Bunun qarşısı vaxtında alınmalıdır. Əks təqdirdə proses dərinləşəcək və qarşısıalınmaz vəziyyət yaranacaq”.
O qeyd edib ki, televiziya və sosial şəbəkələrin gənclərin tərbiyəsinə bu və ya digər formada təsiri var. Bu gün cəmiyyətdə baş verən proseslərdə ancaq və ancaq sosial şəbəkələri günahlandırmaq da düzgün deyil:
“Biz gənclərin tərbiyə işinə xüsusi diqqət yetirməliyik. Təəssüf ki, bu gün bizim televiziyalarda maarifləndirici verilişlərdən daha çox əyləncə, şou xarakterli, gənclərin tərbiyəsinə mənfi təsir edən verilişlərə geniş yer verilir. Bu da qəbuledilməzdir. Televiziyalarda tərbiyəvi xarakterli, maarifləndirmə səpkidə verilişlərə geniş yer verməlidir”.
Ceyhun Məmmədovun dediyinə görə, məktəbin işi yalnız təhsil vermək deyil, məktəb həm də tərbiyə müəssisəsidir:
"Tədrislə tərbiyə işi paralel aparılmalıdır. Hətta deyərdim belə hadisələrin baş verməməsi üçün tərbiyə işinə daha çox önəm verilməlidir".
Təhsil eksperti Nadir İsrafilov deyir ki, son zamanlar qeyri-etik görüntülərin yayılması hər kəsi narahat etsə də, heç də hamı tərəfindən birmənalı qarşılanmır:
"Nədir bu yaranan və ya yaradılan ajiotajın səbəbi? Müəllimi, məktəbi gözdən salmaq cəhdlərimi, yoxsa hansısa əyləncə həvəskarlarının başqalarını əyləndirmək həvəsi? Bu halda istər-istəməz fransız filosofu Lyuk de Vovenarqın məşhur bir kəlamı yada düşür: “İnsan özünə əyləncə və məşğuliyyət tapa bilməyəndə, başqalarını əyləndirməyə başlayır". Yaxid, "Qədim dövrlərdə insanlar özlərini təkmilləşdirmək üçün təhsil alırdılar. İndi başqalarını təəccübləndirmək üçün oxuyurlar" deyimi də öz yerinə düşür. Biz isə ənənəmizə sadiq qalaraq hələ də baş verənlərin səbəblərini araşdırmaq əvəzinə, “günah keçisi” axtarışına çıxmışıq Kimi məktəbi, kimi müəllimi, kimisi də valideyni günahlandırır. Kimisi hesab edir ki, bu hansısa sosial şəbəkələrdə yerləşdirilən videoları əsas götürüb müəllimi, məktəbi aşağılamaqdır. Kimisi də deyir ki, obyektiv olaq, şiddət və tənbehi bir-biri ilə qarışdırmayaq. Müəllim-şagird, valideyn-məktəb arasında münasibətlərin düzgün qurulmamasından şikayət edənlər də var. Baş verənlərə kimin hansı mövqedən yanaşmasından asılı olmayaraq, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir. Mövcud əxlaqi keyfiyyətlər, sosial-iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Hələ bizim eradan əvvəl antik dünyanın ilk filosofları belə hesab edirdilər ki, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bununla belə, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Məktəblərimizdə qeyri-etik, hətta zorakılıq hallarına dair xüsusilə son illər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən: Bəlkə bu, zəmanədəndir? Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb və artıq insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası" adlanan canlı ünsiyyətə keçmək vaxtı gəlib çatıb”.
Ekspert vurğulayıb ki, bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı:

"Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Çünki qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Aydındır ki, bu videolar şagirdlərin özləri tərəfindən çəkilir və sosial şəbəkələrdə də şagirdlər tərəfindən paylaşılır. O da aydındır ki, bu kimi gedişlər yeniyetməlik dövrünü yaşayan şagirdlərin sosial şəbəkələrdəki belə deyək, şıltaqlıqlarından başqa bir şey deyil. Bununla məsələnin bu dərəcədə şişirdilməsi müəllim-şagird münasibətlərinə mənfi təsir göstərə bilər. Biz müəllimin nüfuzunun qaldırılmasından danışırıq, bir yandan da belə xoşagəlməz videolar yayılır. Bu videolar telefon vasitəsilə çəkilir. Bunları çəkən məktəblilərdə “ulduz” xəstəliyi var. Təhsildə uğuru olmayanlar, özlərini belə göstərməyə çalışırlar. Çəkdikləri videoları sosial şəbəkələrdə paylaşırlar ki, məşhurlaşsınlar. Əsas problem də ondan ibarətdir ki, heç kim yaxşı nümunələri paylaşmır. Paylaşanların böyük əksəriyyəti mənfilikləri, nöqsanları yaymağa çalışır".
Ekspert deyib ki, bu cür videoları yaymağın bir məqsədi var:
"Məqsəd neqativləri yaymaq, məktəbi, təhsili gözdən salmaq, Azərbaycan məktəbi haqqında yanlış təsəvvür yaratmaqdır. Bunun qarşısını almaq çətin məsələ də deyil. Hələ illər əvvəl mobil telefonların məktəbə gətirilməsi ilə bağlı dəfələrlə məsələ qaldırılmışdı. Dünya təcrübəsi var. Bu bizdə olan bəzi məktəblərdə də həyata keçirilir. Uşaqlar məktəbə daxil olanda telefonlar yığılır və dərslər bitəndən sonra şagirdə təhvil verilir. Nə böyük işdi ki, bunu bütün məktəblərdə edə bilmirlər. Bir də ki, burada söhbət təkcə video çəkməkdən getmir. Heç video çəkməyən şagird də dərs saatında telefonla məşğul olur. Bu təhsilin kefyiyyətinə təsir edir. Onun diqqətini yayındırır. Yeniyetmələr tərəfindən çəkilən bu videolar təhsilimizin nüfuzuna böyük xələl gətirir. Ona görə telefon məsləsi birmənalı şəkildə həll olunmalıdır. Bu proses bütün məktəblərdə həyata keçirilərsə, bu kimi halların qarşısı alınacaq. Şagirdlərin məşğulluğu artırılmalıdır. Bu məqsədlə məktəbdənkənar və sinifdən xaric işlər fəallaşdırılmalıdır. Şagirdlər müxtəlif dərnklərə, studiyalara, özfəaliyyət sahələrinə cəlb edilməlidir”.


1 0

Şərhlər

Oxşar xəbərlər