Azərbaycanda məktəbəqədər təhsil sistemi ləğv edilə bilər? - AÇIQLAMA
12-02-2024, 13:05
373

Azərbaycanda məktəbəqədər təhsil sistemi ləğv edilə bilər? - AÇIQLAMA

Məktəbəqədər təhsil dövründə uşaqlar ibtidai təhsilə hazırlaşarkən ictimailəşməyi və birgə işləməyi öyrənirlər. Bu təhsilin məqsədi, uşaqlarda öyrənməyə maraq oyatmaq və uşağın mövcud qabiliyyətlərini artırmaqdır. Lakin, Azərbaycanda məktəbəqədər təhsil sistemi bəzi valideynlər tərəfindən narazılıqla qarşılanır. Bu baxımdan Azərbaycanda məktəbəqədər təhsil ləğv edilə bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a deyib ki, Azərbaycan Respublikasında təhsilin 5 pilləsi var. "Təhsil haqqında" qanunun 14-cü maddəsinə görə, təhsil müəssisələrinin 8 tipi var. Onlardan biri də məktəbəqədər təhsil pilləsidir:"Hansı ki, bunlar körpələr evi və uşaq bağçası ilə birlikdə, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələri və sanatoriya tipli məktəbəqədər təhsil müəssisələri növlərinə bölünür. Məktəbəqədər təhsil uşağın ona ilkin zəruri anlayışların aşılanması, fərdi əmək vərdişlərinin öyrədilməsi, fiziki-estetik təbiyəsinin həyat keçirilməsini təmin edir. Eyni zamanda şagirdin sosial hazırlığını və əsasən, ümumtəhsil məktəbinə hazırlanmasını təmin edir. Məktəbəqədər təhsil dünyanın bütün təhsil sistemlərində var. Artıq təhsili inkişaf etmiş ölkələrdə, ilk olaraq məktəbəqədər təhsil sisteminə diqqət göstərilir. Ölkədə məktəbəqədər təhsilə cəlb olunması təqribən 600 mindən yuxarı uşaq var. Ölkədə təqribən 2 minə yaxın məktəbəqədər təhsil müəssisəsi var".

Ekspert bildirib ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı, çox ciddi problemlər var:"Bu problemlərin kökü də onunla bağlıdır ki, 2021-ci ilə qədər məktəbəqədər təhsil müəssislərini yerli icra hakimiyyəti orqanlarının ixtiyarına verdik. Çox təəssüflər olsun ki, həmin məktəbəqədər təhsil müəssisələrinin infrastukturu inkişaf etmədi. 10 il ərzində ölkədə təqribən 20-ə yaxın məktəbəqədər təhsil müəssisəsi tikildi. Əgər biz bunu ümumtəhsil ilə müqayisə etsək, ümümtəhsildə artıq 2005-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun rəhbərliyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyata keçirildi. Bununla, 3800-dən artıq məktəb ya yenidən tikildi, ya da əsaslı təmir olundu. Ölkənin investisiyasının Qarabağın dirçəldilməsi istiqamətində yönəldilməsi əsas prioritet məsələlərdən biridir. Bütün bunlara baxmayaraq, ölkənin ayr-ayrı bölgələrində yeni məktəb tikintisi davam edir. Amma bunu çox heyif ki, biz məktəbəqədər təhsil müəssisələri ilə bağlı danışa bilmirik. Məktəbəqədər təhsil müəssisəsinin ləğv olunması mümkünsüzdür və absurddur".

Elşən Qafarovun sözlərinə görə, yaxın zamanlarda məktəbəqədər təhsil müəssisəsinin şəbəkəsinin genişləndirilməsi ilə bağlı dövlət proqramının qəbul edilməsi gözlənilir:"Dünyanın aparıcı təhsil sistemlərində, o cümlədən bizim təhsil sistemimizdə məktəbəqədər təhsilə xüsusi diqqət yetirilir. 2023-cü ilin yanvarında müəssisələrin Elm və Təhsil Nazirliyinin himayəsinə verildikdən sonra, keyfiyyət, təminat və məzmun baxımından müsbətə doğru çox ciddi dəyişikliklər var. Bu tendensiya davam edir. Hal-hazırda qarşıda duran əsas problem məktəbəqədər təhsil müəssisələrinin şəbəkələşməsinin genişləndirilməsi ilə bağlıdır. Bu da ancaq dövlət proqramı qəbul olunarsa, əhatəliyin genişləndirilməsi problemi həll oluna bilər".
0 0

Şərhlər

Oxşar xəbərlər