Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunacaq
9-12-2021, 08:24
249

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ali məktəbin 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.


TehsilForumu.Az bildirir ki, iclasda 2022-2023-cü il üçün tədbirlər planı müzakirə olunub. ADMİU-nun rektoru professor Ceyran Mahmudova diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanın ilk incəsənətyönümlü ali təhsil ocağı olan ADMİU-nun 100 yaşı tamam olur. 

Bu münasibətlə universitet rəhbərliyinin təklifi əsasında “ADMİU-99+” və “ADMİU-100” adlı silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.


Qeyd olunub ki, 2022-ci ildən etibarən incəsənətin müxtəlif sahələrini əks etdirən tədbirlər keçiriləcək.
İclasda universitetin tələbələrinin yaradıcılıq işlərindən ibarət kino və teatr festivallarının, məzunların forumunun, müxtəlif ali təhsil müəssisələrində ADMİU-nun yubiley tədbirlərinin, silsilə elmi-praktik konfransların keçirilməsi məsələləri müzakirə olunub. 

Eyni zamanda, universitetin tarixini əks etdirən kitabın, “Universitetin tarixi fotolarda” adlı fotoalbomun hazırlanıb nəşr edilməsi, dövri mətbuatda “ADMİU-100” rubrikası adı altında məqalələrin dərc olunması, ali təhsil ocağının şərəfli inkişaf yolunu əks etdirən sənədli filmin hazırlanması və digər təkliflər dəyərləndirilib.

İclasda Təşkilat Komitəsi üzvlərinin fikir və təklifləri dinlənilib.
0 0

Şərhlər

Oxşar xəbərlər