Şagird davranışına valideyn, yoxsa məktəb cavabdehdir?
31-01-2024, 14:01
1 103

Şagird davranışına valideyn, yoxsa məktəb cavabdehdir?

"Ümumi təhsil müəssisələrində baş verənlərin həlli istiqamətində çalışmaq nə qədər vacibdirsə, onun təqdimedilmə forması da o qədər vacibdir. Bu gün ölkədə təhsilin əlçatanlılığının 100 faiz olması hər kəsin təhsillə əhatə olunmasına səbəb olub".

Bu sözləri  açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hazırda ailəsində və yaxın qohumlarında təhsil prosesinin iştirakçısı olmayan insan, demək olar ki, yoxdur:

"Kiminsə yaxını mütləq şəkildə ya bağçada təlim-tərbiyəyə, ya orta məktəbdə şagird formatında bilik və bacarıqların əldə edilməsinə, peşə təhsili və ya orta ixtisas təhsili müəssisələrində, ya universitetdə bakalavr, magistr, doktorant qismində proseslərə cəlb olunub və ya müəllim qismində birbaşa təhsil prosesində iştirak edir. Rəqəmlərə baxanda ölkədə öz ərtafında bu qədər insanı birləşdirən ikinci bir sahəni gör bilmərik. Belə ki, hər gün 2 milyondan çox insan təhsil müəssisələrinə daxil olur və azı 5 saat burada qalır. Amma günün geridə qalan 19 saatını təhsil müəssisələrindən kənarda qalır. Və ya il ərzində 52 həftənin 34 həftəsini uşaqlar məktəbdə dərsdə olurlar".

Ekspert son günlər məktəblərdə şagirdlərinin iştirakı ilə yaşanan hadisələrə münasibət bildirib:

"Son zamanlar məktəb şagirdlərinin iştirakı ilə baş verən hadisələrdə cəmiyyət olaraq günahkarı məktəbdə axtarırıq. Unutmayaq ki, şagirdlərin hərəkətlərinin əsas səbəbkarı kimi valideyn, cəmiyyət və s. komponentlərin məsuliyyəti böyükdür.Amma biz günahı və günahkarı məktəbdə, müəllimdə axtarırıq. Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında fikirləri ilə maraqlanmalıdır. Valideynlər uşaqların təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər. Lakin görürük ki, hər kəs məktəbi, müəllimi günahkar çıxarmaq rolundadır. Bu gün valideynlər şagird olan övladlarının mobil telefonlarına nəzarət etmirlər, onların hansı platformalardan necə istifadə etməsindən xəbərsizdirlər".Kamran Əsədov

Kamran Əsədovun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, azyaşlı və yeniyetmələrin son günlər tik-tok və instaqram sosial şəbəkəsindəki fəaliyyətləri onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil:

"Şagirdlərin dərsdən sonra, xüsusi ilə axşam saatlarında tik-tok və instaqram platformalarında canlı yayımlar açaraq nalayiq ifadələr işlətməsi, kriminal aləmə aid olan musiqilər səsləndirməsi və bu aləmə aid jarqon ifadələrdən istifadə etməsi onlara valideyin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması ilə bağlıdır. Artıq uşaqlar vaxtlarının böyük əksəriyyətini təhlükəli sosial platformalarda keçirirlər. Unutmayaq ki, təlim əsasən məktəbdə həyata keçirilir, tərbiyə isə həm ailədə, həm ictimaiyyətdə, həm də məktəbdə aşılanır. Məktəbdə dərsi pozan, küçədə nalayiq hərəkətlər edib videoya çəkən uşaqlar məktəbə əvvəl evdən gəlirlər".
2 0

Şərhlər

Oxşar xəbərlər